...1970-ci ilin ayının 25-də sevimli şairimiz Bəxtiyar Vahabzadə təzəcə aldığı qara rəngli “QAZ -24” “VOLQA” maşınında Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Tofiq Kazımovla Ağdama gəldilər.
Bu ərəfədə Bəxtiyar Vahabzadənin əqidə dostu, məslək sirdaşı olan dünya şöhrətli alim Xudu Məmmədov doğma kəndi Mərzilidə dincəlirdi. Bəxtiyar müəllimin Ağdamda dostları çox idi: Ağdam rayonunun Həmkarlar Komitəsinin sədri Zeynal Məmmədov, Qarabağ Diyarşünaslıq muzeyinin müdiri Yusif Əhmədov, “Lenin yolu” qəzetinin bölgə üzrə foto müxbiri Eldar İsmayılov və bir çox başqaları. Yusif Əhmədov Qarabağda ədəbi irsimizin alovlu təbliğatçısı idi. O, şeir bilicisi, söz sərrafı idi. Hardan desən, ordan xəbər verərdi.
Mən bu dövrdə Ağdam mərkəzi şəhər xəstəxanasında cərrah işləyirdim. Həkim işləməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olurdum. Vaxtaşırı Respublika mərkəzi mətbuatında şeirlərimlə çıxış edirdim və buna görə də məni yazarların zümrəsinə daxil edirdilər. Odur ki, hər dəfə rayona ya şair və yaxud nasir gələndə, onun görüşünə mən də dəvət olunurdum.
***
Yusif müəllim xəstəxanaya zəng vurub dedi:
- Əzizim, Ramiz, hörmətli şairimiz Bəxtiyar Vahabzadə, ustad Səməd Mənsurun oğlu Tofiq Kazımovla Ağdama gəliblər. Onlar hal-hazırda Ağdam rayonunun birinci katibi Sadıq Murtuzayevin yanındadırlar. Katiblə görüşəndən sonra Zeynal müəllimin kabinetində olacaqlar. Biz də orada olmalıyıq. Hamımız bir yerə yığışıb, günorta vaxtımızı harada keçirəcəyimizi müəyyən edəcəyik.
Bizə xəbər çatdı ki, Bəxtiyar müəllim, Xudu Məmmədov, Tofiq Kazımov və foto müxbir Eldar İsmayılov Zeynal müəllimin idarəsindədir. Yusif müəllimlə oraya getdik. Biz onların hər biriylə səmimi görüşəndən sonra, keçib əyləşdik. Zeynal Məmmədov soruşdu:
- Bəxtiyar müəllim, siz həmişə Ağdama gələndə professor Nurəddin Rzayevlə və istedadlı şair dostumuz Şahmar Əkbərzadə ilə birgə gələrdiniz. Bu dəfə necə oldu ki, onlarsız gəlmisiniz?
Bəxtiyar müəllim dedi:
- Çox əfsuslar olsun ki, professor Nurəddin Rzayev Moskvada konfransdadır. Şahmar Əkbərzadə isə bir həftəliyə Xınalığa gedib. Dostum Tofiq Kazımov Azərbaycan Dövlət Dram Teatrında mənim yeni “Yağışdan sonra” pyesimi tamaşaya qoyub. Ona söz vermişdim ki, tamaşanın premyerasından sonra Qarabağa gedəcəyik. O da mənim bu təklifimi məmuniyyətlə qəbul etdi. Sağlıq olsun, gələn dəfə mütləq Nurəddinlə və Şahmarla da gələrik!
Zeynal müəllim dilləndi:
- İnşallah!..
Bu arada Yusif Əhmədov qulağıma pıçıldadı:
- Xəbərin olsun ki, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, Zeynal Məmmədov və Şahmar Əkbərzadə bir ulduzun beş guşəsidir!.. Onlara “ayrılmaz beşlik” deyirlər!.. Onları bir-birinə bağlayan poeziya və əqidə birliyidir!..
Hamımız cəm olandan sonra, Bəxtiyar müəllim əlavə etdi:
- Əzizlərim, Qarabağın füsünkar gözəlliyinin seyrinə dalmağımızın vaxtıdır! Gedək, söhbətimizi təbiətin qoynunda davam etdirək.
Bu arada Zeynal müəllim üzünü Bəxtiyar Vahabzadəyə tutub dedi:
-Ay Bəxtiyar, böyük ədibimiz, istiqlal şairimiz Səməd Mənsurun yadigarı, istedadlı rejissorumuz Tofiq Kazımov ilk dəfədir ki, aramızdadı, əlbəttə ki, onu Qarabağımızın gəzməli və görməli yerləriylə tanış edəcəyik. Günorta vaxtı istirahət yerimizi də seçək. İstəyirsinizsə, günortamızı ya Gülablıda, ya da Şahbulaqda keçirək. Hər iki yerdə ürəyimizcə istirahət edə bilərik.
Bəxtiyar müəllim söhbətə qarışdı:
-Ay Zeynal, hamısından yaxşı Göytəpəyə gedərik, açıq havada, göy çəməndə oturarıq, təbiəti də doyunca seyr edərik. Keçən dəfə orada bizə yaxşı piti verdilər, indi də dadı damağımdadır. Bilirsiniz də, biz şəkililər pitini çox xoşlayırıq! Siz də nə sifariş verərsiniz, nuş canınız!..
Bəxtiyar Vahabzadənin “piti” təklifi bəyənildi.
Həyətə endik. Bəxtiyar müəllimin sürücüsü sükan arxasından düşüb, bizimlə görüşdü. Bəxtiyar müəllim üzünü sürücüyə tutub dedi:
- Viktor Vasilyeviç, yedem.
“VOLQA” maşına Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Tofiq Kazımov, ikinci maşına isə Zeynal Məmmədov, Yusif Əhmədov, Eldar İsmayılov və mən əyləşdik. Göytəpəyə yola düşdük. Bahar günəşi ilıq təbəssümlə bizi salamladı. Yol boyu göz oxşayan yaşıllıqları, barlı -bəhərli bağları, bərəkətli çölləri seyr etdik. Nəhayət gəlib mənzil başına çatdıq.
Pitixana sahibi qabağa çıxıb, möhtəşəm qonaqlarını xüsusi ehtiramla qarşıladı. Açıq havada, göy çəmənlikdə məclis quruldu. Xudu müəllimin sifarişiylə süfrəyə ilk növbədə isti təndir çörəyilə axtarma motal pendiri, tər göy -göyərti gəldi. Sonra da Bəxtiyar müəllimin sifarişi qəbul olundu. Saxsı küplərdə təzə quzu ətindən şəkisayağı piti asıldı. Bir tərəfdə də kəklikotuyla süslənmiş quzu əti şişlərə yığıldı. Zeynal müəllim şişliklərdən əlavə, “dana basdırması”, “sac içi” də sifariş verdi. Süfrə ləziz təamlarla bəzədildi.
Zeynal müəllim sürücüsünü çağırıb qulağına nəsə pıçıldadı. O da başıyla təsdiqləyib, maşına tərəf getdi; baqajı açıb, oradan bir zənbil götürüb gətirdi. Zeynal müəllim içkiylə doldurulmuş şüşə qabları zənbildən çıxardıb, masanın üstündə sərgilədi və gülə-gülə dedi:
- Tofiq, qardaşım, burada Şamaxının “Mədrəsə” çaxırı da var, Tuğun tut arağı da var, Ağdam şərabçılıq zavodunun on illik konyakı da.
Elə bu anda Bəxtiyar müəllim zarafatyana dedi:
- Ay Tofiq, biləsən ki, Zeynal bizim “dequstatorumuzdur”, bizə heç vaxt ziyanlı içki təklif etməz!.. O, ehtiyatlı gəlib. Yəqin ki, mağaza içkisi ürəyimizcə olmazdı...
Bu sözləri eşitcək, Zeynal müəllim qımışdı:
- Ay Bəxtiyar, qonağa layiqincə qulluq etmək bizim müqəddəs borcumuzdur!...
Tofiq Kazımov onun ünvanına deyilən xoş sözlərə görə Zeynal müəllimə öz minnətdarlığını bildirdi.
***
... Məclis başladı. Ardı -arası kəsilməyən sağlıqlar deyildi. Arada Yusif Əhmədov Səməd Mənsurun “Həbsi rəngidir” şeirini əzbər dedi. Sonra Tofiq Kazımov atasının “Həpsi rəngidir” şairindən hərəyə bir nüsxə verdi. Ədalət carçısı olan Səməd Mənsurun adı iftixarla çəkildi. Onun müasirləri də hörmətlə yad edildi.
Bir az keçəndən sonra Xudu Məmmədov üzünü Bəxtiyar Vahabzadəyə tutub soruşdu:
- Bəxtiyar müəllim, indi ki, söhbət şeirdən düşdü, mənim də bir sualım var. Son zamanlar ədəbiyyata çox -çox istedadlı şairlər gəlməkdədir. Onların barəsində nə deyə bilərsiniz?
Bəxtiyar Vahabzədə:
- Əzizim Xudu, o şairlərin hər biri mənim üçün əzizdir! Onların şeirlərini sevə -sevə oxuyuram. Lakin ən çox ürəyimə yatan, ruhumu oxşayan Musa Yaqubun şeirləridir!.. O, başqa bir aləmdir!.. Əvvəla, onu deyim ki, Musanın şeirləri incə, zərif duyğuların üstdə köklənib. Sonrası da o, hər sözə, hər kəlməyə can verməyi bacarır!.. Musa öz aləminə qapılanda, sözlərin sehrində bulunur, şirin duyğuların ağuşunda uyuyub, məsti -xürrəm olur... Bu məqamda o, qəlbinin səsindən başqa, heç nə eşitmir... Musa Yaqub təpədən dırnağadək şairdir! Onun mayası şeirlə yoğrulub! Musa poeziyasının ampluası çox genişdir. Onun şeirləri beyindən gəlmir, ürəkdən gəlir! Musanın şeirləri qəlbinin xeyir-duasıyla, dodaqlarının pıçıltısıyla həyata vəsiqə alır. Artıq onlar vərəqə köçəndə, yaşamaq haqqı qazanır!.. Böyük fransız şairi Pol Eluar deyib: “Şeir - budağa yarpaq gələn kimi gəlməlidir!” Musanın şeirləri məhz belə yaranır!
Birdən Bəxtiyar Vahabzadənin nəzərləri Yusif müəllimə tuşlandı:
-Görəsən, şeir xiridarının da Musa Yaqub haqqında deməyə sözü varmı?
Yusif müəllim dedi:
-Qardaşım Bəxtiyar, mən də Musa Yaqubun şeirlərinin vurğunuyam!.. İcazənizlə, onun 1969-cu ilin iyul ayında Şeykəm yaylağında qələmə aldığı “Dağlar nə qəribə olur gecələr” şeirini diqqətinizə çatdırım.
Hamımız bir ağızdan dedik: - Buyurun, Yusif müəllim!..
Gözəl nitq qabiliyyətinə və ensiklopedik yaddaşa malik olan Yusif müəllim şeiri əzbər dedi.
Şeir “bəh-bəh”lə qarşılandı. Zeynal müəllim dilləndi:
- Əhsən sənə Musa Yaqub! Bizi məftun elədin! Bax, şeir belə olar!.. Yoxsa, hər söz yığınına şeir deyirlər...
Bu anda Bəxtiyar Vahabzadə Zeynal müəllimin sözünə qüvvət verdi: - Qardaş, doğurdan da zəif şairlərin şeirini oxuyanda, adamın zövqü korlanır... Onlar özlərinə vurulduğundan, heç kimi bəyənmirlər; yazdıqları cızma -qaraları da “şedevr” hesab edirlər. Hərbdə bir qanun var: əgər bir əsgər qabaqda gedən digər əsgərlə ayaqlaşa bilməzsə, sıradan çıxar... Eynilə şeirdə də belədir!.. İndi gör-götür əyyamıdır... Musa Yaqubun yaradıcılıq kredosu bir məktəbdir. Ondan bəhrələnmək lazımdır!.. Bu bir həqiqətdir ki, Musa Yaqub bizim ədəbi mühitə yeni nəfəs, yeni abı-hava gətirib. O, bugünkü poeziyamızın örnəyidir!..
Xudu müəllim əlavə etdi:
- Bəxtiyar, mən də bu fikirdəyəm.
Bəxtiyar Vahabzadə üzünü məclisdəkilərə tutub dedi:
- Baharın bu xoş çağında, Göytəpənin dilbər guşəsində balaca bir şeir məclisi qurmuşuq. Kim istəsə, ürək sözünü deyə bilər.
Bu arada Yusif müəllim əyilib qulağıma pıçıldadı:
- Şair, bəlkə sən də çıxış edəsən.
Sakitcə dedim:
- Yusif müəllim, böyük olan yerdə, kiçik danışmaz! Xoşlayıram ki, böyüklər danışsın, mən də onları dinləyim.
***
... Məclis öz axarında davam etdi. Yekunda məclisin təşkilatçılarına təşəkkürümüzü bildirdik. Yola düşməzdən əvvəl, xatirə şəkili çəkdirdik. Ağdama gəldik. Qarabağ Diyarşünaslıq muzeyində olduq. Sonra Çörək muzeyinə baş çəkdik. Bəxtiyar Vahabzadə və Tofiq Kazımov “Xatirə” kitabına ürək sözlərini yazdılar. Daha sonra şəhərin mərkəzində yaraşığıyla diqqət çəkən üçmərtəbəli Çay evində olduq. Bizim üçün çay dəstgahı təşkil edildi. Bəxtiyar Vahabzadə söhbət əsnasında üzünü Tofiq Kazımova tutub dedi:
- Əzizim Tofiq, bu gün Ağdamda istirahət edəcəyik. İnşallah, sabah erkən Şuşaya gedəcəyik, Cıdır düzündə olacağıq. Qarabağda yalnız Cıdır düzündə bitən, qızılgülün rəmzi olan “Xarı bülbül” gülünə tamaşa edəcəyik. Görəcəksən ki, “Xar - Bülbülə necə divan tutur... Köksü yarılan Bülbül necə fəğan edir, ah-naləsi ərşə dirənir!..”. Bu gül Ulu Tanrının möcüzəsidir!.. Elə oradaca böyük şairimiz Molla Pənah Vaqifin məzarını ziyarət edəcəyik. Sonra da Xan qızı Xurşud Banu Natəvanın xeyriyyə məqsədiylə tikdirdiyi kəhrizin suyundan içəcəyik. Daha sonra İsa bulağında xüdmani bir məclis quracağıq. Oradan da Turşsuya gedəcəyik. Düşünürəm ki, sabahkı gəzintimiz ürəyimizcə olacaq!..
Tofiq Kazımov:
-Ay Bəxtiyar müəllim, mən Bakıdan yola düşəndə, elə bilirdim ki, səfərimiz Ağdamla yekunlaşacaq.
Bəxtiyar Vahabzadə gülə-gülə dedi:
- Yox, qardaşım Tofiq, hələ saydıqlarımla da səfərimiz yekunlaşmır. Qarabağın camaatı çox qonaqpərvərdir. Qarabağa gələn, buradan getmək istəmir!..
Axşam Ağdamın Mədəniyyət sarayında hörmətli şairimiz Bəxtiyar Vahabzadənin oxucularla görüşü keçirildi. Bəxtiyar müəllim yeni şeirlərini oxudu. Onun çıxışları hər dəfə tamaşaçıların sürəkli alqışlarıyla müşaiyət olunurdu.
Görüşdən sonra Qədir Rüstəmovun iştirakıyla konsert təşkil edildi. Onun ifasında “Sona bülbüllər” pərvazlanıb, ürəkləri ram elədi. Qədirin ecazkar səsi hamını sehrlədi!
Konsert qurtarandan sonra, küçəyə çıxdıq. Ağdam səmasının sayrışan ulduzlarını seyr edə-edə, sabahkı gəzintinin maraqlı keçməsi barədə fikir mübadiləsi aparırdıq.
Sənət zirvəsində parlayan, xalqın böyük etimadını qazanan üç dost, üç məsləkdaş - Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və Tofiq Kazımov hər addım başında rəğbətlə qarşılanırdı. Dostlar qol-qola tutaraq, şirin söhbət edə -edə, Ağdamın işıqlı küçələriylə addımlayırdılar. Onlarla yanaşı gedən hər bir kəs böyük iftixar hissi duyurdu!
Ramiz Mövsüm
(Əliyev Ramiz Mövsüm oğlu)