Azərbaycanın taleyi ilə bağlı unudulmaz tarixin bir anını sizlərlə paylaşmaq yerinə düşərdi.
1993-cü il, Heydər Əliyevin Parlamentin sədri seçildiyi isti iyun ayı... Sonra müstəqil Azərbaycanın işıqlı gələcəyi naminə Elçibəyin Bakını tərk etdiyi gözlənilməz bir gün...
Mən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisi və Prezidentin sərəncamı ilə təyinat aldığım rayonun hərbi komendantı idim.
Prezident Elçibəyin Bakını tərk etdiyi o gün, gecə saat təxminən 02:30-radələrində DİN-nin ölkə üzrə əməliyyat növbətçisi Kərim müəllim telefonla məndən rayonun kriminogen durumu ilə bağlı müfəssəl məlumat aldıqdan sonra “Saat 03:00-da Qeydar Aliyeviçin yanında iclas var. İştirakınız vacibdir”, -dedi (Həmin vaxt H.Əliyevə “Qeydar Aliyeviç”, - deyə müraciət edilərdi).
Çaşqınlıq ovqatında olduğumdan heç nə anlamadım. “Axı, Polis şefinin Spikerin yanındakı müşavirədə iştirakı nə dərəcədə vacib idi?”-düşüncələrlə kabinetimi tərk etdim.
Vaxt daralırdı. Polis mundirində xidməti maşınıma minib sürücüyə: “Tez, Milli Məclisə sür. Qeydar Aliyeviçin yanında müşavirə var”, bildirdim.
Özüm-özümlə danışmağa başladım. İşləmək belə olar... Gecənin yarısında müşavirə. Nə yaxşı ki, yerimdə idim. Nə yaxşı...
***
Binanın girişində üst -başımı diqqətlə yoxladıqdan sonra yenə özümə görk olacaq müraciətlə, “Bu da Təhlükəsizliyin təmininə diqqət və məsuliyyət!”.
Qeydar Aliyeviçin qəbul otağına daxil olanda Nəsimi RPİ-nin rəisi Mahmud Hacıyevi, Nizami RPİ-nin rəisi Aşur Qəniyevi də görəndə qeyri- ixtiyari: “Deyəsən, bizdən başqa gələn yoxdur?”-deyə xəbər aldım.
- İçəridə olanlar var, -cavab verdilər.
Bu vaxt köməkçi bizi içəri dəvət etdi. Qeydar Aliyeviçin kabinetində bizdən əvvəl AMİP-in sədri Etibar Məmmədov, Rəsul Quliyev, DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir Nəsirov və Dİ nazirinin müavini Rövşən Cavadov da varıydı.
Qeydar Aliyeviç bizi uzun müşavirə masası arxasında əyləşməyə dəvət etdi... Daxili gərginlik yaradan səs tembri ilə sözünə başladı:
- Mən gecə saat 12-dən başlayaraq ölkə Prezidentini axtarıram, yerini bilən yoxdur. Dövlət katibi Əli Kərimovla da əlaqə saxladım, dedi ki, yarım saat olar yanından çıxmışam...
Bu məqamda “VÇ”(vısokaya çistota-yüksək təmiz xətt mənasını verir) telefonuna zəng gəldi. Telefonu Rəsul Quliyev götürdü. “Qeydar Aliyeviç, Naxçıvandandır, Sizi istəyirlər”, -dedi.
Qeydar Aliyeviç cəld addımlarla telefona yaxınlaşıb dəstəyi götürdü və imperativ halda: “Mənim icazəmi almadan bir təyyarə belə Naxçıvandan səmaya qalxmasın! Eşitdiniz!?”
Sonra Qeydar Aliyeviç kreslosuna əyləşərək üzünü təkrar bizə tutdu: “Naxçıvanda imiş. Türkiyəyə uçmaq istəyirdi, qadağan etdim.”
Sözünə başladı:
-Ölkədə təxribat halları baş verə bilər, həyat təyinatlı, vətəndaşların həyat və sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb edən eobyektlər partladıla və zəhərlənə bilər. Ümidimiz siz-polislərsiniz, ayıq və sayıq olun. Bu gündən etibarən Daxili İşlər Naziri vəzifəsinin müvəqqəti icrasını nazir müavini Rövşən Cavadova həvalə edirəm...
***
Və... Yeni Azərbaycanın sığa bilməyəcəyi bir kabineti tərk etdik... Doğrudan da Heydər Əliyevin siyasi və diplomatik meydanı üçün Azərbaycan kiçik idi. O, dünyanı idarə edə biləcək bir lider idi. Onun siyasi və diplomatik baxışları Azərbaycanı da dəyişdi... Azərbaycanın ikinci dəfə Heydər Əliyevlə bağlı tarixi-siyasi və diplomatik erası belə başladı...
***
Ümumi marağa xidmət ideyalarına sadiq qalanda ideal cəmiyyətdə yaşamağa da imkan yaranır.
Hamınıza yüksək həyat səviyyəsi və rifah arzusu ilə... Tanrı Azərbaycanı qorusun!
Şəmsəddin Əliyev,
hüquqşünas