2020-ci ilin oktyabrin 1-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun oğlu, 6 yaşlı Çingizin atasının ölümündən bir gün əvvəl ondan son xahişi belə olub...
2020-ci il sentayabrın 27-də, Ali Baş Komandan, prezident İlham Əliyevin düşmənin getdikcə artan təxribatlarının qarşısını almaq məqsədilə verdiyi əks-hücun əmri ilə minlərlə oğullarımız silaha sarıldı. Və 44 günlük müharibədə 30 il işğalda olan torpaqlarımız ermənilərdən təmizləndi. Qarabağımız öz əbədi və əzəli sahibinə qovuşdu. Bu yolda təbii ki, 3 min nəfərə yaxın igidimiz şəhidlik zirvəsinə ucaldılar, minlərlə oğullarımız qazi və veteran oldular. Bizə tarixi qələbə yaşadan, başımızı ucaldan, alnımızdakı qara ləkəni təmizləyərək, igidlikləri ilə dünyaya səs salan bu qəhrəmanların özləri də, ailələri də daima dövlətimizin və xalqımızın diqqət mərkəzindədir.
Belə igid oğullarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovdur.
Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı, 9 yaşında Sevil və 8 yaşında Çingiz bizlərə yadigar qalıb. Polkovnik-leytenant Orxan Əkbərov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Lakin qəhrəmanın meyidini oktyabrın 6-da götürmək mümkün olub və elə həmin gün də Biləsuvar şəhərində, böyük izdihamla dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman, göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik göstərərək, düşmənin silah sursatla dolu 6 maşınını və 200 nəfər canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin nəvbəti Sərəncamları ilə Orxan Əkbərov həm də ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”medalları ilə də təltif edilib.
***
Belə bir qürur mənbəyimiz olan qəhrəmanın ailəsi və övladları ilə görüşüb söhbətləşmək, Orxansız keçən günlərdə nə düşündükləri, necə yaşadıqları bərədə marqlanmaq istədik. Qəhrəmanın həyat yoldaşı Nuranə xanım, dəvətimizi qəbul edib, 8 yaşlı oğlu Çingizlə “Təzadlar”ın qonağı oldu. Nuranə xanımla olan maraqlı söhbətimizi oxucularımızın diqqətinə təqdim edirəm və bu müsahibə inanıram ki, hər kəsin ailəyə, vətənə olan sevgisini bir az da artıracaq. İndidən bircə onu deyə bilərəm ki, Nuranə xanım qəhrəmana layiq ƏSL həyat yoldaşıdır...
- Nuranə xanım, “Təzadlar”ın redaksiyasına xoş gəlmisiniz. Dəvətimizi qəbul edib, gəldiyinizə görə sizə təşəkkür edirəm. Bir şəhid xanımı kimi sizi salamlamaq, sizinlə görüşüb həmsöhbət olmaq həmişə xoşdur. Ancaq gəlin hələlik, həyat yoldaşınız, şəhid polkovnik-leytenant Orxan Əkbərovdan yox, sizdən danışaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hərbçi xanımının necə çətin bir həyat keçdiyini eşidirik, görürük. Məsələn, polislər də, hərbçilər də elədir. Güc strukturlarının xanımları olmaq olduqca çətindir və siz bu çətinliyə neçə illər sinə gərərək, Orxan Əkbərovla birgə ömür sürmüsünüz? Mən istərdim ki, birgə yaşadığınız o ömürdən, yəni tez-tez yerdəyişmələr olub, hansı çətinlikləri yaşamısınız, hansı hissləri keçirmisiniz?
- Orxan Əkbərov elə bir həyat yoldaşı olub ki, onun nə qədər çətinlikləri olsa da, mən ona dözmüşəm və dözərdim. Onunla keçirdiyim o çətin günlər də mənim üçün xoş olub. Mən o çətinlikləri hiss etməmişəm.
-Təbii ki, arada səmimiyyət, istək, sevgi varsa, əlbəttə, bu çətinlikləri də aşmaq asan olur.
-Bəli, xoşbəxtçiliyimizə o çətinlikləri qurban vermişik.
-Maraqlıdır, tez-tez yerdəyişmələr, şəxsi evinizin olmaması, normal şəraitdən uzaq düşməyiniz sizi narahat edirdimi?
-Narahatçılıq bilinmirdi. Onunla özümü heç vaxt narahat hiss etməmişəm. Orxan var idisə, mən özümü xoşbəxt hiss edirdim.
-Görürəm Orxan bəydən çox sevgi və istəklə danışırsınız. Bəlkə Orxan bəylə necə tanış olmağınızı yada salasınız.
-Bizim ilk tanışlığımızın çox maraqlı tarixçəsi var. Orxan Əkbərovun anası Sevil Abdullazadə həkimdir. Biz bir yerdə, səhiyyədə işləmişik. İlk dəfə Orxan anasını işə gətirərkən, həmin gün də mən iş yoldaşımın toyu idi deyə, onların idarəsinə getmişdim. O vaxt onun qardaşı əsgər idi və o da ora gəlmişdi. Gördüm üstündə bit var... Uşaq idi və o da toya gəlmişdi. Sonra gəldim mən işdə danışanda, dedim ki, ora bir əsgər gəlmişdi, üstündə bit var idi. Bu söhbət Orxanın anasına, sonra da özünə çatmışdı. Orxan da anasını işə gətirəndə, soyuq aylar idi deyə, qaz “peçi” gətirmişdi. Sonra anasının işçisi olan tibb bacısı gəldi ki, bəs doktor Sevil xanım məni çağırır. Getdim otağına, gedəndə gördüm yanında bir həbçi də var, bilmirdim oğludur. Anası dedi ki, Orxan, bu qız sənə bitli deyir. Orxan məndən sakit tərzdə, bir az da maraqla soruşdu ki, doktor, doğrudan siz hərbçilərə bitli demisiniz?
Mən də anasına üzümü tutub dedim:
-Doktor, mən sizin oğlunuzu birinci dəfədir görürəm. Ona bitli deməmişəm axı.
Anası dedi:
-Bəs demisən ki, hərbçilər bitli olur.
Dedim:
-Xeyr, doktor, mən onu sizin oğlunuza deməmişəm. Bura bir əsgər gəlmişdi, həqiqətən də üstündə bit var idi.
Bu yerdə Orxan da dedi:
-Xanım düz deyir, əsgərlərdə bit olur. Baxır o təmizliyinə fikir verməyə. Amma bu gün nə məndə, nə də mənim əsgərlərimdə bit yoxdur. Vaxtı ilə mənim əsgərlərimdə də bit olub. Çünki çöldə, Laçında, Füzulidə quru torpaqda, palatkada qalırdıq... Mənim onda öz sözümün üstündə durmağım, Orxanın xoşuna gəlmışdi. Sonra da anasından mənim haqqımda maraqlanıb, o da “məsləhətdir”- deyib... Bir gün də anası məni bir dükana dəvət etdi ki, gəl birlikdə gedək. Getdik. Orxan anasının maşında qalmış telefonunu gətirdi ki, doktor, sizə zəng gəldi. Orxan anasına “doktor” deyə müraciət edərdi. Sonralar mənə deyirdi ki, o zaman səni ona görə çox bəyəndim ki, gördüm içəri adam girir, amma heç reaksiya vermirdiniz. Onda fikirləşdim ki, bu qızla mənimki tutar, alınar. Başınızı qaldırıb, dönüb mən tərəfə heç baxmırdınız da. Elə bil ki, mən orda yoxam... Mən də o mağazaya girmədim. Onda dedim ki, yox, bu qızla uzun bir yol getmək olar.
-Döğrudan tanışlığınızın çox maraqlı tarixçəsi varmış. Nəhayət, ailə qurdunuz və sizin demək olar gəzintiləriniz... Yəni, bu bölgədən, o bölgəyə, o bölgədən bu bölgəyə. Bunlar barədə danışaq. Haralarda oldu Orxan sizlə, hansı bölgələrdə?
-İlk dəfə Beyləqandakı 702 saylı hərbi hissədə işləyirdi. Mən də rayonun özündə qalırdım. Ev tutmuşdu kirayədə. Sonra həmin hərbi hissəyə yaxın kənddə ev kirayələdi və biz ora köçdük. Sonra xidmət yerini 181-ə dəyişdilər. Ona görə də Füzuli qəsəbəsində qalırdım. Sonra da Ağdama, 190 saylı hərbi hissəyə göndərdilər. 2015-ci ilə kimi orda olduq. Daha sonra yenidən 181-ə dəyişdilər. Ardınca da 218 saylı hərbi hissənin komandiri, kəşfiyyat hərbi hissəsinə komandir oldu...
-Deməli, hərbi hissədə, kəşfiyyat bölməsinin rəisi olub?
-Rəisi olmuşdu. Sonuncu dəfə də hərbi hissənin komandiri idi.
-Bəs ondan əvvəl harda idi?
- 181-də hərbi hissənin kəşfiyyat rəisi olub.
-Bəs neçə ildi xidmət edirdi hərbidə?
-20 il tamam olmuşdu.
- Yəqin təaqüdə çıxmaq istəyirdi?
- Bəli, pensiya vaxtı çatmışdı. Hələ ki, ehtiyac olduğu üçün saxlamışdılar.
-Görünür, qismətinə şəhid olmaq taleyi yazılıbmış. Gəlin indi də keçək müharibə dövrünə. 2020-ci ilin sentyabrın 27-i başlayan, o Vətən müharibəsini deyirik və qələbəmizlə başa çatan bir Vətən müharibəsi. Bir hərbçi ailəsi kimi mənim üçün maraqlıdı bilmək ki, Orxanın döyüşə getməyini necə bildiniz, artıq döyüşdədir?
-Sentyabrın 26-sı Orxan bizə zəng vurdu. Anası da işdə eşitmişdi ki, müharibə başlayır, artıq hazırlıq gedirdi. Birdən anası ağladı ki, Orxan, deyirlər müharibə başlayır. Mən bilirəm sən arxada qalmazsan, qabaqda olacaqsan... Orxan da qayıtdı ki, “Doktor, narahat olma, müharibə-zad yoxdur”. Sonra mən danışdım, dedim Orxan, müharibə olsa, qabağa getmə. Dedi ki, narahat olmayın, otaqdayam, sakitçilikdir. Bir də “ya qismət” dedi. Bu, hələ ki, sonuncu da zəngi oldu. Sentyabrın 27-də müharibə başladı əlaqə saxlaya bilmədik. Bir də oktyabrın 1-də axşam saat 10-a qalmış idi, zəng vurdu. Gördüm səsi çox zəif gəlirdi. Dedim ki, müharibədəsən, nədir, səsin niyə zəifdir? Dedi ki, mən aşağıda, “padvalda”yam, yox, müharibədə deyiləm. Səsim də soyuq su içmişəm deyə bir az tutulub. Sən demə, döyüşün ən qaynar yerində imiş. O qədər yüksəkdən komanda verib, əsgər və zabitləri döyüşə səsləyib ki, səsi də batmışdı. Birdən qayıtdı ki: “Uşaqlara yaxşı bax, onları incitmə”.
Hə, belə dedi. Sonra uşaqlarla danışdı. Qızın da 21 oktyabrda ad günü idi.
Qızı dedi: “Ata, ad günümə gələcəksən?”
Orxan: “Qızım, söz vermirəm. İşim bitsə gələcəm”.
Qızı dedi: “Ata, bir tort var, gələndə onu mənə alarsan”.
Sonra Orxan mənə dedi:
- Gəlsəm özüm alacagam, gəlməsəm uşağa mütləq o dediyi tortu alarsan. Nə qədər çəkəcəyini mən hələ bilmirəm...
Bu zaman Çingiz televizorda Ərtoğrulun kinosuna baxırdı deyə dedi:
- Ata, mənə qılınc alarsan? Ərtoğrulun qılıncından gətirəcəksən mənə?
Orxan dedi:
-Oğlum, sən Çingizxansan. İş otağımda o qılıncdan var. Mənə onu türklər hədiyyə edib. Onu sənə göndərərəm. Amma onu bil ki, sən Çingizxansan. Sən əsas Çingizxana bax.
Beləcə, bizimlə sağollaşdı. Sonra anası ilə danışdı. Oktyabrın 2-də isə şəhid olub.
-Həmin gün eşitdiz şəhid olduğunu?
-Xeyr, qardaşı bilmişdi, biz bilməmişdik... Oktyabrın 4-də mənim əmimin ildönümü idi, mən də orda idim. Orda olanda atam məni evimizə gətirdi. Gətirəndə bizim qapının ağzında gördüm ki, xeyli adam yığışıb. Bizim maşın dayananda aralaşdılar. Sonra mən düşəndə həyətə girirdim, gördüm ki, Orxanın Rəşad adlı rayonda bir dostu var, o gəlib atamı qucaqladı, onun qulağına nəsə dedi. Atam da mənə “Siz içəri keçin”- dedi. Dedim ki, Rəşad nə deyir? Dedi ki, apar uşaqları içəri, gözləyin. Heç nə, işi vardı mənimlə. Dedim ki, Rəşadın burda nə işi var bu vaxtı? Gecə saat 12-ə işləyir. Sonra bir, iki maşın da var idi. Onlar da qaynımgil idi. Onlar da biliblər. Gəldim evdə dedim ki, məhlədə nəsə olub, Orxanın dostları, sonra Tofiqin qardaşı Ramingil... hamısı burada yığılımışdı. Sonra anam zəng elədi qaynıma ki, Elnur uşaqlardan soruş gör məhləmizdə nə olub? Dedi ki, əşi, soruşdum heç nə olmayıb, “avariya” var imiş, ona görə gəliblər... Sonra mənə zəng gəldi ki, bəs qaynım Ənvər yaralanıb. Mən də Orxanı yığdım gördüm zəng çatmır, Ənvəri də yığdım gördüm ona da zəng çatmırdı. Bacımı yığdım ki, bəs ataya Orxanın dostu nə deyirmiş, dedi ki, heç nə demiyib, bilmirəm, ata rayonda iclasdadı. Deməli, atama xəbər çatıb, atam gedib. Gələn qonaqlar da hamısı əmiləri, bibiləri, rayonda bibisinin evi var, yığılıblar onlara. Bəs deyiblər ki, dəqiq məlumat bilinmir, onlar neytraldadılar. Ona görə də sağdı, yaralıdı, şəhiddi, bilinmir. Onu görməyincə nəsə demək olmaz. Ona tapşırıq gəlib deyə, özündən başqa 5 nəfər də götürüb, gedib. Sonradan Orxan əsgərləri geri qaytarıb ki, mən bu qədər əsgər analarını gözü yaşlı qoya bilmərəm. Onlar bu işi bacarmaz. Ona görə də özü gedib, və ordada da şəhid olub (Kövrəlir).
-Nuranə xanım, Allah bütün şəhidlərimizə rəhmət eləsin!
-Səhər oldu. Mən gecəni fikir içində keçirdim. Bir dəqiqə də olsun yata bilmədim. Səhər xəstəxanaya zəng elədim, maraqlandım ki, bəs Ənvər deyirlər yaralıdı, ora gətirməyiblər? Dedilər ki, yox, gəlməyib bizim rayona, amma eşitmişik elə bir söz. Qızlar da elə Orxanın şəhid olmağını biliblər, mənə deməyiblər. Axşam oturmuşdum, bir anlıq məni yuxu apardı, yuxuda gördüm ki, Orxan ayağı yaralı gəlib və anası ağlayır ki, mən sənə dedim ki, qabağa getmə. O da anasına sərt cavab verir. Heç vaxt anasına sərt cavab verməzdi. Cavab verir ki, sən müharibə başlamamış ağlayırsan da, niyə ağlayırsan? Ağlama, heç nə yoxdu. Mən də deyirəm ki, gətir yaranı bağlayım, deyir ki, ehtiyac yoxdu, get uşağa tort al. Uşağı incitmə... Ayıldım, yenə qaynıma zəng vurdum. Ənvər açdı, dedim ki, bəs eşitmişəm ki, yaralısan, dedi hə, ayağımdan yaralanmışam, Gəncədəyəm.
-Qardaşı da döyüşürdü?
-Bəli, pilot idi qardaşı da.
-Təyyarə, qırıcı, yoxsa vertolyot?
-Dronları idarə edirdi. Onlar gözləyirmişlər ki, qruplar getsin bunları götürsün. Mühasirəyə düşüblər. Neytralda çətin yerdə oliblar.
-Ənvərgil istəyib Orxangili götürsün?
-Artıq oktyabrın 5-i idi, gedə bilmirlər, mən Ənvərlə 5-də danışmışam. Mən də məktəbdə müəllimlər günü idi, dedim ki, uşaqları məktəbə aparım, müəllimlərə hədiyyə alım. Qonşu gəlin də mənə zəng elədi ki, necəsiz? Dedim sağlıqdı, soruşdu ki, bəs Orxandan nə xəbər? Dedim onlardan xəbər yoxdur. O da qayıtdı ki, onda uşaqları sən çıxarma, yoldaşım aparar. Elə oğlum Çingizlə Sevil bir sinifdə oxuyur. Dedim yox, özüm apararam, dedi, yox, sən çıxma, mən də çıxmıram, yoldaşım aparar elə. Uşaqlar da elə onunla getdi. İndi bunlar düşünüb ki, mən çıxaram, məhlədə eşidərəm. Heç olmasa, qoy küçədə eşitməyim... Bir də onda gəldilər ki, yox, Orxan sağdı. Yoldaşları hərbçi olan tanıdığım gəlinlər var idi, onlarla əlaqə saxladım. Xəbər gəldi ki, Orxan sağdı, anası anamla getdilər məscidə, ziyarətgahlara nəzir apardılar. Qonaq da çox idi. Onda bir də eşitdim ki, qışqırtı çıxdı. Çölə çıxdım ki, bayraqlar, güllər, gətirirlər...
-Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ağır itkidir. Amma vətən yolunda, torpaq yolunda gedən itkimizdir. Biz bunu həmişə baş ucalığı ilə deyirik. Döyüşlərdə yəqin ki, döyüş yoldaşlarından eşitmisiz hansı qəhrəmanlıqları, fədakarlıqları göstərib. Onlar barədə nəsə eşitmisizmi dostlarından?
-Dostları gələndə qaynım danışarkən eşitmişəm. Bütün tapşırıqların hamısını qəhrəmancasına yerinə yetirib, ermənilərə çox böyük zərbələr vurub.
-Yəqin yaxşı kəşfiyyat məlumatları əldə edib ki, bu da düşmənə ağır zərbələr endirilməsinə səbəb olub.
-Bəli, hərbi qənimətlərin əldə olunmasında rolu çox olub...
-Hamısı da Orxanın məlumatları əsasında. Allah yenə də deyirəm, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Nuranə xanım, bilirik ki, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, dövlət tərəfindən şəhidlərimizə çox böyük qayğı və diqqət göstərirlər. Bunlar barədə də sizin fikrinizi bilmək istəyirik. Bir şəhid xanımı kimi, Orxanın o qədər qəhrəmanlıqları olub ki, ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Fəxrimizdir, qürur mənbəyimizdir. Bir şəhid və qəhrəman xanımı kimi siz dövlət tərəfindən hansı qayğıları görmüsünüz?
-Öncə Prezidentimizə öz təşəkkürümü bildirirəm, bir qəhrəman ailəsi olaraq. Onun xidməti dövrünün çətinliklərini, zəhmətini, müharıbədəki igidliyini qiymətləndirərək Vətən Müharibəsi Qəhrəmanı adı verdi. Dövlətimiz Vətən Müharibəsi Qəhrəmanının ailəsi kimi bizi 3 otaqlı mənzillə təmin edib. Maraqlıdır ki püşk yolu iləverilən mənzil, Orxan xidmət edib şəhid olduğu 218 nömrəli hərbi hissənin adı ilə eynidir. Mənzilin də nömrəsi 218-dir. Püşkü, Çingiz götürmüşdü. Mən ilk dəfə sənədləri götürməyə gedəndə komunalda ev nömrəsi 218 deyiləndə çox kədərli oldu. Bu da bir tale qismətdir...
-Dövlətimiz doğrudan da Şəhid ailələrinə çox böyük qayğı və diqqət göstərir. Çingizin adını çəkdiniz. Qoy bir Çingizi də danışdıraq:
-Çingiz bala, atanı necə xatırlayırsan, deyir ayın 1-də axşam danışmısan atanla?
-Danışmışdıq. Dedim ki, mənə Ərtoğrulun qılıncını gətirərsən. Dedi işdə var, gələndə gətirərəm. Dedim ki, nə vaxt gələcəksən? Dedi ki, gec gələcəm.
-Məktəbə gedirsən yəqin ki, bir şəhid övladı kimi hamı sənə hörmətlə yanaşırmı?
-Bəli.
-Məktəbdəki tədbirlərdə şeir demisənmi şəhidlər haqqında?
-Xeyir, mən şeir deyə bilmirəm.
-Dediyin qılınc gəlib çatdımı sənə?
-Bəli.
-Gün o gün olsun ki, əliniz qılınc, silah tutub döyüşməyə sizlərin ehtiyacı olmasın. Olmayacaq da heç. Çünki atan, qəhrəmanlarımız bu yolda şəhid oldular ki, sizlər azad, firavan yaşayasınız.
Nuranə xanım:
- Çingizin ad günü noyabrın 7-dədir. Atasının döyüş dostları 8 noyabrda Zəfər Gününü Cingizə hədiyyə ediblər. Mən hər zaman deyirəm ki, onu sənə hədiyyə elədilər. Atanın qisası alındı.
-Bağışlayın Nuranə xanım, sizi köhnə xatirələrə, Orxanlı günlərə qaytardıq. Bizim də borcumuzdur ki, şəhidləri, onların etdikləri fədakarlıqları, qəhrəmanlıqları ictimaiyyətə çatdıraq Hamı tanısın. Düzdü,döyüşdə iştirak edən hər bir əsgər, zabit qəhrəmandır. Amma seçilmişlər də var. Onları Allah seçib ki, həm şəhidlik zirvəsinə ucalsın, həm qəhrəman olacaq ki, gələcək nəsillər nümunə götürsün. Orxan da bizim belə qəhrəmanlarımızdandır. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Və Çingiz və qızınız Sevilə atasının adını həmişə uca tutmağı arzu edirəm. Allah saxlasın, çox sağ olun.
Söhbətləşdi: Elçin MƏMMƏDLİ