"ERMƏNİSTANIN SƏNGİMƏYƏN SİYASİ VƏ HƏRBİ TƏXRİBATLARINA GÖZ YUMMAQ ƏDALƏTSİZLİKDİR"
Postmünaqişə dövrünün reallıqları belə deməyə əsas verir ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu gün də Azərbaycana qarşı ərazi iddiası abu-havasındadır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hər iki tərəfin üzərinə öhdəliklər qoyuldu. Azərbaycan bu öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək, hətta 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə rəğmən münasibətlərdə yeni səhifənin açılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Artıq o vaxtdan iki ildən çox zaman keçsə də Ermənistan bu istiqamətdə hər hansı konkret addım atmayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə üçtərəfli formatda görüşlər keçirildi. Bu görüşlərin hər birində əldə olunan razılaşma sülh müqaviləsinin tezliklə imzalanacağı barədə proqnozlar səsləndirməyə əsas verdi. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, işğalçı dövlət hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır.