MASALLIDA BAŞ VERƏNLƏRDƏN ALLAHIN XƏBƏRİ VARMI? - II YAZI
Rəsmi qurumları aldadaraq dövlət sənədlərinin saxtalaşdırılmasına nail olan Sığdaş kənd bələdiyyəsinin sədri Əhliman Əliyev barədə həm Ədliyyə Nazirliyi, Baş prokurorluq, həm də Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ciddi tədbir görüləcəyinə inanırıq...
(Əvvəli I yazıda)
Məlumat üçün qeyd edim ki, ötən il mən Masallıda olub Əhliman Əliyevlə söhbət edərkən, onun sözlərinin, fikirlərinin qarışıq, danışığının məntiqsiz olduğunu duydum. Bu barədə özünə deyəndə etiraf etdi ki, o yıxılıb və başından zədə alıb. Ona görə də fikirlərində ardıcıllıq olmur və indi dediyi sözü bir azdan unudur. Qoy aidiyyəti qurumlar yoxlasınlar və qərar versinlər ki, bu adam belə bir vəzifədə işləya bilər, ya yox? Əhliman Əliyev bələdiyyə sədri kimi fəaliyyətə başladığı ilk gündən ta bu günə qədər, ancaq sakinlərə problem yaratmaqla məşgul olub. Sakinlərin Xanalion kəndinin ən baxımlı yerində, öz vəsaitləri hesabına tikdikləri Şəhidlər bulağı da Əhliman Əliyevin gözünə başqa cür görünüb. Ona görə də, dərhal kənddən aralı bələdiyyənin vəsaiti hesabına başqa bir Şəhidlər bulağı tikdirib. Bundan sonra kənddəki Şəhidlər bulağına gələn suyu kəsərək, yeni tikdirdiyi Şəhidlər bulağına yönəldib. Bu addım heç də şüurlu ağlın məhsulu deyil.
İndi də bu saxta ərizə məsələsi ortaya çıxıb. Axı Ə.Əliyev fikirləşməli idi ki, sonralar bunun səs-küyü mütləq çıxacaq. Gəlin Əhliman Əliyevin Zeynal Nəhmətovun adından dövlər qurumuna yazdığı məktuba nəzər salaq: “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlək Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə
Hörmətli Mətin müəllim!
Bildirirəm ki, mən Masallı rayon Sığdaş kəndində yaşayıram. Kənddə aparılmış elektron uçot xəritəsində mənə JN-161 və qardaşlarıma JN-162 Nəhmətov Bağır Nəhmət oğlu, JN-163 Nəhmətov Etiram Nəhmət oğluna məxsus pay torpaq sahəsi naturaya uyğun işlənməmişdir.
Odur ki, sizdən xahiş edirəm, həmin uyğunsuzluqların aradan qaldırılması üçün köməklik göstərəsiniz”.
Aşağıdan imza, ad və soyadı, həmçinin tarix yazılıb. Tarix isə 05.01.2022-ci ildir. Yəni Ə.Əliyev bu üsulu təzə icad edib. İndi özünüz fikirləşin, o boyda dövlət qurumunu aldatmaq nə deməkdir? Bu, vəzifəsindən sui-istifadə edib, dövlət sənədlərinin saxtalaşdırılması deyilmi? Hələ bu harasıdır?
Adətən vətəndaşlar hansısa bir dövlət idarəsinə məktub yazanda aylarla müsbət cavab ala bilmirlər. Amma Ə.Əliyev öz kanalları vasitəsilə yazdığı saxta məktuba Zeynal Nəhmətovun adına 11.03.2022-ci ildə cavab almağa nail olur. Bundan əvvəl isə, yəni işini ehtiyatlı tutmaq üçün, guya həmin ərazilərə baxış keçirilib və akt tərtib olunub ki, Zeynal Nehmətov və qardaşları 1997-ci ildən bəri istifadə etdikləri münbit torpaqlardan imtina edirlər. Bu məqsədlə 07.02.2022-ci il tarixdə belə bir akt tərtib edirlər. Həmin aktı təqdim edirik, amma qrammatik və məzmun səhvlərinə toxunmadıq:
“Akt,
Masallı rayonu Sığdaş kəndi, 07.02.2022-ci il.
Biz aşağıda imza edənlər 1.Cəlilabad RTİ-nin sahə rəisi Seyfulla Abdullayev, 2.Masallı rayon Sığdaş kənd İƏDÜ nümayəndəsi İrafil Əliyev, 3.Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyev tərtib edirik bu aktı ondan ötəri ki, Masallı rayonu Sığdaş kənd sakini Nəhmətov Zeynal Nəhmət oğlunun müraciəti (daxil olma: 2201101215 nömrəli 14.01.2022-ci il tarixli) müraciəti əsasında Sığdaş kəndində olduq. Şikayətçi ilə əlaqə saxlamaq mümkün olmadı. Bələdiyyə sədri və kənd İƏDÜ nümayəndənin iştirakı ilə şikayətçinin faktiki istifadəsində olan pay torpaq sahələri GPS aləti vasitəsilə plana alındı. Ölçü zamanı mübahisə halları baş vermədi.
Odur ki, aktı doğru bilib, imzalarımızla təsdiq edirik”.
Aktın axırında da imzalar çəkilib, soyadlar yazılıb. İndi sual olunur, hörmətli Əhliman Əliyev, əgər şikayətçi torpağının yerini dəyişdirmək istəyirsə, niyə akt tərtib olunarkən yanınızda olmayıb? Aktda qeyd olunur ki, “şikayətçi ilə əlaqə saxlamaq mümkün olmadı”.
Hörmətli Əhliman müəllim, Sığdaş kəndinin bu başından qışqıranda, o başında eşidilir. Şikayətçi Zeynal Nəhmətov harda idi ki, onu tapa bilmədiniz? Axı saxtakarlıq bu boyda olmaz. Bu il yanvarın 5-də Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə guya müraciət edən Zeynal Nəhmətov 14.01.2022-ci ildə isə guya sizə müraciət edib ki, torpağımın yerini dəyişdirin. Siz də ədəb-ərkanla guya gəlmisiniz Zeynal Nəhmətovun torpağını ölçməyə, amma şikayət sahibi tapılmır. Amma xoruzun quyruğu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 11.03.2022-ci ildə Zeynal Nəhmətovun adına məktub daxil olanda görünməyə başlayır.
(Davamı III yazıda olacaq)
Hazırladı:
Elçin MƏMMƏDLİ