Ermənistandan olan bəzi turistlər Qırmızı dəniz sahillərində köpək balıqlarının hücumundan qorxaraq Misir turlarını ləğv edirlər.
Bu barədə Ermınistan mətbuatı yerli turizm şirkətinin rəhbəri Vladimir Gevorqyana istinadən məlumat yayıblar.
Belə ki, artıq iki ailə Misirə etdikləri rezervasiyalarını ləğv edib.
"Bizə çoxlu zənglər gəlir, onlar bu halların hansı çimərliklərdə baş verdiyini, seçdikləri otellərə yaxın olub-olmadığını öyrənirlər. Biz hər şeyi olduğu kimi izah etməyə çalışırıq", - deyə Gevorkyan bildirib.
Başqa bir tur agentliyinin direktoru Lilit Muradyan da səyahətə getmək istəyənlər arasında narahatlıq olduğunu dilə gətirib.
Xatırladaq ki, iyulun 1-i və 3-də köpək balıqları turistlərə hücum edib. Bu, Misirin Hurqada şəhərində baş verib.
Köpək balıqlarının hücumuna məruz qalan Avstriya və Rumıniya vətəndaşlarının həyatını xilas etmək mümkün olmayıb.
Birincisi, 68 yaşlı Avstriya vətəndaşı Elizabet Skvayr olub. Köpək balığı onun qolunu və ayağını dişləyib. Qadın xəstəxanaya aparılarkən elə yolda, ağrılı şokdan dünyasını dəyişib. Rumıniya vətəndaşı barədə isə hələ ki, geniş məlumat verilməyib.
Köpək balıqları dünya okeanlarının əsasən tropik zonasının, daha az dərəcədə isə subtropiklərin sakinləridir.
İxtioloqlar bildirilər ki, Hind okeanında, Qırmızı dənizdə, Avstraliyadakı Böyük Baryer rifinin yaxınlığında yırtıcılarla tez-tez qarşılaşmaq mümkündür və bu baxımdan Qara dənizdə, Aralıq dənizi sahillərində dincəlmək daha təhlükəsizdir. Bu sularda iki-üç köpək balığı növləri var ki, onlar da yırtıcı olmadığı üçün insanların həyatına təhlükə də yaratmırlar.
Əlbəttə, seçim turistlərin öz ixtiyarındadır...
Y.MƏMMƏDLİ