Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, publisist Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişib.
Məlumata görə, o, 60 yaşında vəfat edib.
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Yağləvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980).
Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982).
Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990).
1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.
1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur.
Folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.
Ə.Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Kəminə" adlı televiziya filmləri çəkilib.
O, mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı, məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr, "Təzadlar" və digər qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.
Ə.Çingizoğlu həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edib. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.
Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.
Allah rəhmət eləsin!