Sabirabadda park və yolllardakı ağaclar quruyur.
Qeyd edək ki, rayonun mərkəzində yerləşən İstirahət Parkında da oxşar vəziyətdir.
Məsələ ondadır ki, Sabirabadda yay isti keçdiyindən yerli sakinlər bir az istirahət etmək üçün bu parka gəlirlər.
Parka tez-tez yolu düşən rayon sakini Qabil Novruzov burada ağacların baxımsızlıqdan quruduğunu bildirir. Rayon rəsmiləri problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də, sakinlər heç də bu fikirlə razılaşmırlar: "Ağacların susuzluqdan yanması Siraqəddin Cəfərov gələndən sonra baş verib. Keçmiş başçının dövründə ağaclara su verilirdi. Niyə bəzi yerlərdə yaşıl ağaclar qalır? Adını da qoyublar guya xəstəlik düşüb. İyul-avqust aylarında ağaclara belə su verəndə, belə qoruyanda vəziyyət bu cür olur. Ölü vəziyyətdədir”.
Bəs ağaclara hansı rəsmi qurum nəzarət edir? Yaşıllığın məhv olmasına görə kim cavabdehlik daşıyır?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova bildirir ki, ağaclar Sabirabad rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansına verilib. Bu səbəbdən qulluq məsələsi nazirliyin deyil, icra hakimiyyətinin səlahiyyətindədir.
Sabirabad İcra Hakimiyyətindən isə rayondakı ağacların quruması ilə bağlı bildirilib ki, respublikanın bütün rayonlarında olduğu kimi, Sabirabad rayonu ərazisində də son 3 ildə çoxsaylı şam ağacları quruyub.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aqronom-entimoloqları tərəfindən həmin ağaclara baxış keçirilsə də, sirayət etmiş xəstəliyin qarşısını almaq mümkün olmayıb.
"Baxış aktında Sabirabad şəhərinin ərazisində, o cümlədən H.Əliyev prospekti, 20 Yanvar və İ.İsgəndərov küçələrində bəzi ağaclar, o cümlədən şam ağacları vegetasiya dövrünü başa vurduğundan, həmçinin mənşəyi bilinməyən infeksiya nəticəsində köküstə tam qurumuş vəziyyətdə olduğu qeyd edilib və həmin ağacların təhlükəsizlik qaydalarına riayət edilərək kəsilməsinə qərar verilib”, - deyə açıqlamda qeyd olunub.
Məlumatda RİH-nin daxili imkanlar hesabına Tərtər, Astara, Şəmkir, Türkəyə (1 tir), İran (4 tir) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarından ağac və digər bitkilər gətirildiyi bildirilib: "Son 2 ildə heç bir dövlət vəsaiti xərclənmədən rayon ərazisində qurumuş və kəsilmiş ağacların əvəzinə 150 mindən çox yeni müxtəlif növ, o cümlədən meyvə və dekorativ ağaclar, gül kolları əkilib və bu işlər hazırda da davam etdirilir. Sabirabad rayon Yaşıllaşdırma sahəsi tərəfindən xidmət sahəsinə aid olan ərazilərdə, eləcə də zərurət tələb olunan yerlərdə ağaclara və gül kollarına mütəmadi olaraq qulluq göstərilir və daima nəzarətdə saxlanılır”.
Qeyd etdiyimiz kimi, rayon rəhbərliyi problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də, sabirabadlılar bu fikirlə razı deyil. Sakinlər arasında ağacların baxımsızlıq səbəbindən quruduğunu deyənlər də var.
E.ŞİRİNOV