Tbilisidəki “Qanun” Hüquqi Yardım Mərkəzi soydaşlarımıza təmənnasız dəstək göstərir
Bu ilin may ayından Tbilisidə fəaliyyətə başlayan “Qanun” Hüquqi Yardım Mərkəzi qısa vaxtda bir çox nailiyyətlərə imza atıb.
Mərkəzin rəhbəri Əli Bədirov bildirib ki, təmənnasız hüquqi xidmət layihəsi çərçivəsində təkcə Tbilisidə deyil, ölkənin digər şəhər və rayonlarında yaşayan Azərbaycan əsilli Gürcüstan vətəndaşlarına hüquqi yardım göstərilir. Eyni zamanda bəzi soydaşlarımız rayonlardan paytaxta gələ bilmədikləri üçün Mərkəzin əməkdaşları onlara bu yardımı yaşadıqları ərzilərdə göstərirlər.
“Layihəmizin müsbət nəticələri var. Artıq bir çox soydaşlarımıza torpaqlarının qeydiyyatdan keçirilməsi, reyestrə salınması və bir sıra digər problemlərin həllində ciddi kömək göstərə bilmişik. Mərkəzimizdə həm azərbaycanlı, həm də gürcü hüquqşünaslar xidmət göstərir”, - deyə Ə.Bədirov nəzərə çatdırıb.
Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı da Tbilisidə fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub, eyni zamanda mərkəzə müraciət edən azərbaycanlılarla görüşüblər. Təmənnasız hüquqi yardım alan vətəndaşlar bu nəcib missiyanın həyata keçirilməsini yüksək qiymətləndirdiklərini bildirib və minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, "Qanun" Hüquqi Yardım Mərkəzi 14 may 2022-ci ildən fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hüquqi problemlərlə qarşılaşan soydaşlarımız mərkəzə müraciət edərək, təmənnasız hüquqi yardım almaq imkanına malikdir. Mərkəzin ofisi Tbilisinin Kazbeqi küçəsi-44 ünvanında yerləşir.
TEZADLAR.AZ