ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü bildirib ki, "yaxın günlərdə" rusiyalı həmkarı Sergey Lavrovla danışacaq və ondan Vaşinqtonun Moskva tərəfindən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi haqqında təklifinə cavab tələb edəcək.

"Xarici işlər naziri Lavrova zəngim Ukrayna ilə bağlı olmayacaq. Ukrayna ilə bağlı istənilən danışıqları ölkə hökuməti və xalqı müəyyən etməlidir", - deyə Blinken mətbuat konfransında jurnalistlərə bildirib.

"İlk gündən dediyimiz kimi, Ukraynasız Ukrayna ilə bağlı heç bir addım atılmaycaq", - deyə Blinken vurğulayıb.

ABŞ Rusiyada saxlanılan iki amerikalı - WNBA ulduzları Britni Qriner və Pol Uilanın azad edilməsi məqsədilə "mühüm təklif" irəli sürüb.

Planlaşdırılan zəng Ukraynada müharibənin başlanğıcından etibarən Blinken və Lavrov arasında ilk telefon danışığı olacaq.

Blinkenin sözlərinə görə, Ukraynadakı müharibə Rusiyanı "ciddi şəkildə zəiflədib". Rusiya qoşunlarının Donbasda əldə etdikləri son irəliləyiş insan itkiləri və texnika baxımından "çox baha başa gəlib".

“İtkilər artmaqda davam edir - minlərlə dinc sakin öldürülüb və ya yaralanıb; 13 milyon ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb; tarixi şəhərlər sözün əsl mənasında xarabalığa çevrilib; ərzaq çatışmazlığı, bütün dünyada ərzaq qiymətlərinin sürətlə artması - "bütün bunlar prezident Putinin başqa ölkəni istila etmək qərarına gəlməsi səbəbindən baş verir"”, - deyə Blinken bildirib.

Amma Putin bu məqsədə nail olmayıb: "Ukrayna istila edilməyib və edilməyəcək. O, suveren və müstəqil ölkə olaraq qalacaq. Ukrayna xalqı öz vətənini müdafiə etməkdə və öz mədəniyyətini qoruyub saxlamaqda heç vaxt olmadığı qədər qətiyyətlidir və bir çox dünya ölkələri Moskvanın hərəkətlərini pisləyib. Münaqişənin başlanğıcından etibarən NATO-da birlik daha da artıb və alyans böyüməyə hazırdır, belə ki, İsveç və Finlandiyanın alyansa qoşulması prosesi davam edir”.

Blinken həmçinin deyib ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar "güclü və artan" təsirə malikdir. Müharibənin başlanğıcından etibarən energetika və texnologiyalar sahəsində yüksək təhsilli mütəxəssislər, həmçinin 1000-dən çox şirkət Rusiyanı tərk edib.

Bu il Rusiyanın idxalı 50%-dən çox azalıb, Asiyadan idxal isə Avropadan idxal itkilərinin yerini doldurmur. "Bu, həmçinin o deməkdir ki, Rusiya lazımi məhsulu istehsal edə bilmir və xarici bazarları itirəcək". Rusiyanın büdcəsində kəsir var, Kremlin suveren sərvətlərinin yarısı isə xaricdə dondurulub.

O, həmçinin xatırladıb ki, Rusiya liderləri son vaxtlar müharibənin məqsədinin dəyişdiyini bildirirlər. Məlumata görə, ötən həftə Lavrov Rusiyanın məqsədlərinin Donbasdan kənara çıxdığını bildirib. Moskva Ukraynanın əlavə ərazilərinin ilhaqı üçün zəmin hazırlayır, işğal edilmiş ərazilərdə qanunsuz nümayəndələr təyin edir, sakinləri Rusiya vətəndaşlığını qəbul etməyə məcbur edir.

Vaşinqton Rusiyanın işğal edilmiş ərazilərdə yaşayanların Rusiyaya qoşulmaq istədiyi görüntüsü yaratmaq üçün "saxta referendum" keçirəcəyini təxmin edir.

"Biz Rusiyaya bu taktikanın işləməyəcəyini göstərmək üçün cəld hərəkət etməliyik və edəcəyik", deyən Blinken əlavə edib ki, güc tətbiq etməklə ilhaq BMT Nizamnaməsinin "kobud pozuntusudur".

Dövlət katibinə Bayden administrasiyasına Rusiyanı terrorçuluğun dövlət sponsoru elan etmək çağırışı ilə artan müraciətlər haqqında ünvanlanan suala o, cavabda belə deyib: “Dövlət Departamenti qanuna riayət etmək "məcburiyyətindədir". Bizim vəzifəmiz faktların həqiqətən qanunla müəyyən edilmiş meyarlara uyğun olduğundan əmin olmaq üçün Konqresin müəyyən etdiyi bu meyarları faktlarla müqayisə etməkdən ibarətdir".

Bu arada, onun sözlərinə görə, ABŞ dörd qitədə dünyanın onlarla ölkəsi ilə indiyə qədər tətbiq edilmiş ən güclü sanksiyalar və ixrac nəzarəti üzərində əməkdaşlıq edir.

"Biz həmçinin beynəlxalq yardımı və xarici yardımı məhdudlaşdırdıq. Və bizim və digər ölkələrin Rusiya üçün yaratdığı xərclər onun terrorçuluğun dövlət sponsoru kimi tanınmasından irəli gələn nəticələrə tamamilə uyğundur", - deyə o əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN