Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı yeni qaydalar tətbiq etməsi bölgədə gərginliyin yenidən artmasına səbəb olub.

Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunur. Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.

Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub. Kosovo polisi isə Brnyak və Yarinye sərhəd-keçid məntəqələrini bağlayıb. Kosovo mətbuatı bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb. Alban əsilli vətəndaşların da hücuma məruz qaldığı, onların nəqliyyat vasitələrinə xəsarət yetirildiyi bildirilib.

Serbiyanın Müdafiə Nazirliyi ordunun ölkənin inzibati sərhədini keçmədiyini açıqlayıb. Bildirilib ki, bəzi media resurslarında Serbiya Ordusu ilə Kosovo polisi arasında gərginliyin yaşandığına dair yayılan məlumatlar dezinformasiyadır.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Kosovo serblərinin belə zülmə dözməyəcəklərini deyib. O, ölkəsinin münaqişələrə səbəb olan və münaqişə istəyən tərəf olmadığını da vurğulayıb.

Qeyd edək ki, Serbiya-Kosovo münasibətlərinin normallaşdırılması üçün 2011-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə dialoq prosesinə başlanılıb. Lakin müxtəlif illərdə iki ölkə arasında gərginlik yaşanıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN