Jurnalist Şəfayət Avılbəyli 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında haqsızlıqla üzləşib.
Bu barədə jurnalist özü bildirib. Onun sözlərinə görə, 12 yaşlı övladını sözügedən xəstəxanaya apararaq sistem köçürülməsini istəyib.
Lakin ona bildirilib ki, baş həkim Səriyyə Səfərova xəstəxanada sistem köçürülməsini qadağan edib.
“Uşaq təngnəfəslik və mədə pozulması üzünüdən gecə 3 dəfə qaytarıb. Səhər onu 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına apardım ki, sistem köçürsünlər. Lakin sahə həkimi dedi ki, baş həkim sistem köçürməyi qadağan edib. Təsəvvür edin, uşağın vəziyyətini dərhal qiymətləndirib tədbir görmək əvəzinə, yerlərindən belə, durmadılar. Səbəb isə icbari sığortadır. Çünki bilirlər ki, onlara pul verilməyəcək, indi vətəndaşlar icbari sığorta ilə gəlirlər”, - deyə jurnalist bildirib.
Ş.Avılbəylinin sözlərinə görə, xəstəxananın baş həkiminə müraciət etsə də, müsbət nəticəsi olmayıb.
“Baş həkim Səriyyə Səfərova bildirdi ki, biz başqa həkimin yazdığı sistemi köçürmürük. Beləliklə, heç bir tədbir görmədilər”, - deyən jurnalist məsələ ilə bağlı Baş Porkurorluğa müraciət edəcəyini söyləyib.
O daha sonra bildirib: “Bu gün adi bir vətəndaş olaraq səhiyyə sistemimizin bəzi ünsürlərdən təmizlənməsinin vacibliyini bir daha dərk etdim. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin daxili nizam-intizam qaydalarına zidd olan, həkimlik prinsiplərini alt-üst edən - xəstəxanaya müraciət edən xəstələrə sistem vurulmasını ləğv etməsi hansı səbəblərdən olduğunu aydınlaşdırdım. Sən demə, bu xəstəxana və poliklinikasında, ümumiyyətlə, digər xəstəxanaların həkimlərinin tövsiyəsi keçərli deyil. Və təcili xəstəyə ilkin yardım göstərilməsi belə baş həkimin iki dodağının arasında olmalıdır. Xülasə başıma gələnləri yazmaqla bir daha bildirim ki, bu gün azyaşlı oğlumun səhhəti ilə bağlı müraciət etdiyim aidiyyəti poliklinikamızda adlarını həkim qoyan bəzi qeyri-peşəkarların qeyri-etik davranışları üzündən gün ərzində uşağa qoşulaşı vacib olan sistemi vurdura bilmədim.
Nə var, nə var ƏLAHƏZRƏT BAŞ HƏKİM SƏRİYYƏ SƏFƏROVANIN XÜSUSİ TAPŞIRIĞI VAR İMİŞ Kİ, DİGƏR XƏSTƏXANANIN HƏKİMLƏRİNİN YAZDIĞI RESEPT VƏ TÖVSİYƏLƏR BURADA KEÇƏRLİ DEYİL...
Uşağa və böyüklərə yay fəslinə uyğun olaraq zəhərlənmə və digər hallar hər yerdə və hər məkanda baş verə bilər. Bu hallar müraciət əsasında həkimlər tərəfində sorğusuz -sualsız müayinəsi yerinə yetirilməlidir. Lakin Maştağada bu, baş verərsə, xəstəyə, özü də ciddi xəstəliyi olan uşağa sistem qoşulmalı olsa belə, bu, ancaq tibb bacılarını evə çağırmaqla həyata keçirə bilərsən. Bəs, görəsən, bu təmtəraqlı xəstəxanalar və ağ xalatlılar nə üçündür?”
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV