Dünən Tezadlar.az saytında dərc olunan "Qaradağ rayonunda müəmmalı mal oğurluğu" başlıqlı yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.
DİN-dən redaksiyamıza daxil olan rəsmi cavabda deyilir: "Vətəndaş Nizami Fərəcullayevin ona məxsus iribuynuzlu heyvanların sifarişlə oğurlanması ilə bağlı etdiyi müraciətin polis tərəfindən araşdırılmaması iddiaları əsassızdır.
N.Fərəcullayev ona məxsus 5 baş iribuynuzlu heyvanın Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində oğurlanması ilə bağlı müraciətinə əsasən Qaradağ RPİ-də CM-nin 177.1-ci maddəsinə əsasən, cinayət işi açılıb. Cinayət əməlində şübhəli bilinən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində ilkin əməliyyat-axtarış tədbirləri davam etdirilib. Axtarışın effektivliyini təmin etmək məqsədilə müvafiq polis orqanlarına əməliyyat-axtarış işi ilə bağlı lazımi tapşırıqlar verilib.
Hazırda N.Fərəcullayevə məxsus 5 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri tətbiq olunan plan üzrə davam etdirilir.
Hörmətlə: DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev".
E.ŞİRİNOV