Bu gün Cəbəllütariqdə keçirilən hərracda Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Qərbin sanksiyalarına məruz qalan rusiyalı milyarder Dmitri Pumpyanskinin "Axioma" superyaxtası satılıb.
Bu barədə Bloomberg məlumat yayıb.
“Axioma” sanksiyaya məruz qalmış oliqarxın Avropada hərracda satılan ilk superyaxtası olub. Ümumilikdə hərraca 63 ərizə təqdim edilib, lakin qalibin nə qədər pul ödədiyi və kim olduğu hələlik açıqlanmayıb.
Amerika investisiya bankı "JP Morgan"ın iddiasına görə, 72,5 metrlik “Axioma” nın sahibi Dmitri Pumpyanskinin ona 20 milyon dollar borcu var və buna görə də yaxta hərracda satılıb.
Qeyd edildiyi kimi, yaxtanın yeni sahibinin kim olduğu da, satış qiyməti də gizli saxlanılıb.
Altı dəbdəbəli kayutası, üzgüçülük hovuzu, 3D kinoteatrı, idman zalı, cakuzi və tam təchiz olunmuş spa-salonu olan gəmi mart ayında Cəbəllütariqdə yanalmadan sonra saxlanılmışdi.
Qeyd edək ki, Pumpyanskiy - neft və qaz sənayesi üçün polad boru istehsalçısı, Rusiyanın dövlət enerji şirkəti “Qazprom”un təchizatçısı olan TMK OAO-nun sahibi və sədridir. O, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Böyük Britaniya, Aİ və ABŞ-ın sanksiyalarına məruz qalıb.
Britaniya sərvəti 1,84 milyard funt-sterlinq olan milyarderin Putinə "ən yaxın" oliqarxlardan biri olduğunu bildirib.
Dünyada sanksiyaya məruz qalmış rus oliqarxlarına məxsus olduğu güman edilən onlarla superyaxta müsadirə edilsə də, satışa çıxarılan yeganə yaxta “Axioma”dır...
***
Xatırladaq ki, mart ayında Rusiyalı milyarder Əlişir Usmanov da Aİ-nin sanksiyasına məruz qalıb. Onun da təxminən 600 milyon dollar dəyərində, 156 metr uzunluğunda olan “Dilbar” adlı yaxtası Hamburq şəhərində alman səlahiyyətliləri tərəfindən müsadirə edilib.
Yenə də mart ayında “Rosneft” dövlət energetika kompaniyasının rəhbəri İqor Seçinin 88 metrlik “Amore Vero” yaxtası Marsel yaxınlığında Fransa gömrükçüləri tərəfindən saxlanılıb.
Göründüyü kimi, sanksiyalara məruz qalan belə bahalı yaxta sahibləri çoxdur və bu siyahını uzatmaq da olar.
İlk hərraca çıxarılan isə "Axioma" oldu...
JASMİN