Cəlilabadın mərkəzi küçələrindən birinə şəhid baş leytenant İlqar Zeynalovun adı verilib.
Avqustun 26-da - İlqar Zeynalovun doğum günündə bununla bağlı tədbir keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqətdən danışıb, şəhid baş leytenant İlqar Zeynalovun döyüş yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər.
Şəhidin atası Natiq Zeynalov təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib, İlqar Zeynalovun vətənə, millətə olan sevgisindən danışıb.
Daha sonra Zopun kəndində şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universiteti) ali hərbi təhsil alıb.
"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.