Polşanın baş naziri Mateuş Moravetski Kiyevə səfər edib.
"Polsat News" yazır ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib.
"Həqiqətən baş nazir Moravetski Kiyevə gedib. Orada bir sıra görüşlər keçiriləcək. Geosiyasi vəziyyətlə bağlı mühüm məsələlər, xüsusilə enerji bazarı, enerji və hərbi təhlükəsizlik müzakirə olunacaq", - Müller deyib.
Hökumət sözçüsü bildirib ki, səfərlə bağlı məlumat təhlükəsizlik baxımından müəyyən gecikmə ilə ictimaiyyətə açıqlanıb.
Hökumət başçısının səfərindən nə gözlədiyini soruşduqda, spiker əmin edib ki, onun iştirakı və jesti "Kreml üçün siyasi siqnaldır".
"Bu siqnal da bu gün göndəriləcək. Biz bu çox çətin vəziyyətdə Ukraynanı dəstəkləyəcəyik. Hesab edirik ki, Rusiya bütün mümkün beynəlxalq standartları pozur. Ukraynanı qorumaq bizim təhlükəsizliyimizi qorumaqdır", - hökumət sözçüsü əlavə edib.
Bundan əvvəl Polşa Müdafiə Nazirliyi Rusiya ilə potensial müharibəyə hazırlaşdıqlarını bildirmişdi.
E.ŞİRİNOV