Xəbər veridyimiz kimi, Ermənistan ordusu bir aydan çoxdur ki, davamlı olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutur.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki toqquşmada ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib və bildirib ki, bu, yekun rəqəm deyil.
Bəli, Paşinyan ölən əsgərlərinin sayının daha çox olduğunu bilir və yəqin ki, ağır yaralı olanlar da var.
Lakin Ermənistan tərəfi onu da bilməlidi ki, bu cür təxribatlar törətdikcə, hələ bundan sonra da erməni analarının üstünə öğullarının cəsədi gedəcək.
Və bütün axıdılan qanlara, itkilərə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır.
Y.MƏMMƏDLİ