“Savaş zamanı mülki vətəndaşların təhlükəsizliyinin qorunması Azərbaycan üçün hər zaman proritet olub. Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edərək Azərbaycanı ittiham etməkdə davam edirlər”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı, nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini "günahsız mülki sakinlər" kimi təqdim etməkdən belə çəkinmirlər:
“Məhz Ermənistanın raket və bombalar Vətən müharibəsində 100 mülki vətəndaşımızın həyatını itirməsinə və 416 nəfərin yaralanmasına səbəb oldu. Yalnız Ermənistanın raket ilə Bərdə şəhərini vurması nəticəsində 1 gündə 21 vətəndaşımız həyatını itirdi. O zaman bu hadisələri əksər aparıcı xarici media qurumları işıqlandırmadı. İndi isə hətta bəzi ölkələrin rəsmilləri belə feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar”, -deyə millət vəkili bildirib.
Vüqr Bayramov vurğulayıb ki, Azərbaycanın işi haqq işidir və münaqişənin həlli əsassız ittihamlar ilə deyil, ölkələrin bir-birlərinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür.
Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini yenə də davam etdirir, bəyannamənin şərtlərindən yayınmaq üçün vaxt qazanmaq istəyir və planlaşdırılmış təxribatları ilə Azərbaycanı beynəlxalq aləmdə atəşkəsi pozan tərəf, Ermənistanı isə əzilən – qurban kimi təqdim etməyə çalışır. Bir çox beynəlxalq qurumlar və ölkələr isə həmişəki kimi ölkəmizə qarşı ikili standartlardan yanaşırlar və həqiqəti bildikləri halda, təcavüzkar Ermənistanı əzilən tərəf olaraq qeyd edirlər.
Qeyd edək ki, son bir ay ərzində Ermənistan ordusu daha da fəallaşaraq ordumuzun mövqelərini, mülki vətəndaşları ardıcıl olaraq atəşə tuturlar. Sentyabrın 12-si və 13-də isə genişmiqyaslı təxribatlar törədiblər.
Belə ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Onlar Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.
Və nəticədə Azərbaycan ordusu 50 nəfər şəhid verib. Həmçinin Ermənistan ordusu da xeyli sayda canlı qüvvə və hərbi texnika itirib.
Çox təəssüf ki, Ermənistan Ordusunun təcavüzü bu gün də davam edir. Müdafiə Nazirliyinin son məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.
Təbii ki, ordumuz da təcavüzkar ordunun “dərsini” verməkdə davam edir!
Y.MƏMMƏDLİ