Redaksiyamıza Ucar rayonunun Müsüslü kənd sakini Cəfərova Bənövşə Əliyusif qızının dövlət başçısına ünvanlı müraciəti daxil olub. B.Cəfərova Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən şikayətçidir.
Şikayətçi yazır: "Mənim heç kəsim yoxdur, valideynlərim vəfat edib. Ağır xəstəliyə görə ailə həyatı qurmamışam. Xəstəliyimlə əlaqədar işləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm. Ona görə mənə əlillik dərəcəsi təyin edilmişdi və aldığım təqaüdlə birtəhər dolanırdım. Vətən müharibəsindən sonra əlilliyim dayandırldı və mənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edildi. Hər dəfə gətirilən əsaslarda qeyd edilən müayinələri və müalicələri etdirib xəstəlik sənədlərim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilsə də, mənə əlillik dərəcəsi təyin edilməsindən bir neçə dəfə qanunsuz imtina edilmişdir.
Bir dəfə səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, ətraflı: ixtisaslaşmış müalicənin davam etdirilməsi, fəsadların dəqiqləşdirilməsi qeyd edildi. Bundan sonra emerte müayinəsindən keçib sənədləri təkrar göndərdik. Bu dəfə isə qeyd edildi ki, Cəfərova Bənövşə Əlyusif qızının göndərişinə 15.09.2022-ci il tarixində EEQ müayinəsi dolğun qeyd olunmadığı üçün imtina qərarı verilmişdir.
Bu, açıq-aşkar özbaşınalıqdır ki, mənə qarşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi edir.
Çünki mən 6 ay ərzində 3 dəfə emerte müayinəsindən keçmişəm. Hətta həkim mənə bildirdi ki, bu şüalı müayinədən tez-tez keçmək sənin səhhətini daha da ağırlaşdırır. Həqiqətən də hər dəfə emerte müayinəsindən keçdikdən sonra bir neçə gün başımda şiddətli ağrılar olurdu.
Mənim xəstəliyim hipertenziv ensefalopatiya, hipertonik ensefalopatiya, sol tərəfli hemiparez ilə sol tərəfli hemiparez ağırlaşma G40.0 fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə yanaşı xәstәliklәr, digər cərrahi əməliyyatlar, uşaqlığın fibromioması, "Panghisteroektomiya" cərrahi əməliyyatından sonrakı vəziyyət, oma-qalça oynağının və oma-büzdüm birləşməsinin çıxığı, büzdüm sümüyünün sınığı və çıxığı, fəqərə cisminin hemangioması, essensial hipertenziya və arterial hipertenziyadır.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Anar Bayramova dəfələrlə ərizə ilə müraciətlər etmişəm, lakin heç bir tədbir görülməyib.
Mən mətbuat vasitəsilə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət edərək xahiş edirəm, məni ən savadlı həkimlərin iştirakı ilə müasir tibb aparatlarının müayinəsindən keçirərək şahid olsunlar ki, ağır xəstəliyə görə əmək qabiliyyətimi itirmişəm, işləyə bilmirəm. Sizdən acizanə xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik edəsiniz".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV