“Baş verən situasiya yeniyetmə qruplarında təsadüf olunan davranış pozğunluğudur”.
Bu fikri psixoloq Nurəli Cələbiyev bəzi məktəblərdə yeniyetmə şagirdlər arasında baş verən zorakılıq hallarından danışarkən bildirib.
Psixoloqun sözlərinə görə, məktəblərdə bir yaxud, bir neçə şagird tərəfindən digərinə qarşı zorakılıq və qısnama halları şiddətə məruz qalan şagirdin müəyyən nadincliyi, intizamsızlığı və digər şəxsləri qıcıqlandırması nəticəsində baş verir.
O, qeyd edib ki, bu proses özlüyündə qarşı tərəfin əks reaksiyasıdır.
“Digər tərəfdən də zorakılığı icra edən yeniyetmələr asosial, davranışı mükəmməl olmayan və davranış pozğunluğu olan şəxslərdir. Onlar başqalarını incitməyi özünə təsdiq faktı kimi qiymətləndirirlər. Bununla da özlərinin güclü və bacarıqlı olduqlarını sübut etməyə çalışırlar. Baş verən situasiya yeniyetmə qruplarında təsadüf olunan davranış pozğunluğudur. Bundan ziyan çəkən qarşı tərəf zorakılığın qurbanı olur. Nəticədə şiddətə məruz qalan uşaq da özünü alçaldılmış və təhqirolunmuş, qüruru sındırılmış hesab edir”, - deyə vurğulayıb.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə paytaxtın 112 saylı orta məktəbində bir şagirdin digəri tərəfdən döyülməsi və başqa bir şagirdin isə bunu lentə almasını özündə əks etdirən video yayılıb. Baş verənlər ictimai rezonans doğurub.
Hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, döyülən uşaq sonradan bildirib ki, sinif yoldaşı onunla zarafat edirmiş...
Y.MƏMMƏDLİ