Bu yaxınlarda ikinci dəfə Rusiyanı tərk edən rusiyalı müğənni Alla Puqaçova pərəstişkarlarına üz tutaraq sülh üçün dua etdiyini bildirib.
Diva İnstaqram səhifəsində pərəstişkarlarına dəstəyə görə təşəkkür edib və həqiqəti yalandan ayırmağın çox vacib olduğunu qeyd edib. Üstəlik, o, sülh üçün dua etdiyini bildirib.
Puqaçova fevralın 24-dən bu yana Ukraynadakı müharibə haqqında heç vaxt açıq-aydın danışmayıb. Ancaq görünür, Rusiyanın Ukrayna şəhərlərinə hücumundan sonra o, sükutu pozmağa qərar verib.
“Çoxmilyonluq fanatlarıma sevgi və dəstəyə, həqiqəti yalandan ayırmaq bacarığına görə təşəkkür edirəm. Sizin üçün dua edirəm və müqəddəs torpağa sülh diləyirəm”, - Diva yazıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərində Puqaçova Maksim Qalkin və uşaqlarla birlikdə İsrailə yola düşüb. Avqustun sonunda o, vətənə qayıdıb və uşaqlarını məktəbə göndərib.
Daha sonra onu yenidən Vnukovo hava limanında görüblər. Bir sıra KİV Primadonnanın ikinci dəfə Rusiyanı tərk etdiyini yazıb. Onun rəfiqəsi Rusiya mətbuatına verdiyi şərhdə etiraf edib ki, Alla Borisovna Rusiya Federasiyasını tərk edib, çünki müharibədə Ukraynanı dəstəkləyən Maksim Qalkinə görə uşaqları məktəbdə təhqir olunmağa başlayıb.
E.ŞİRİNOV