Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dövlət başçısı Vladimir Zelenskiyə Tehranla diplomatik münasibətləri kəsməyi təklif edib.
“Mən prezidentə İranla diplomatik münasibətləri kəsmək təklifi verirəm”,- deyə Kuleba onlayn-brifinq zamanı bildirib.
Xarici işlər naziri İranın yalanlarına və hərəkətlərinə dözməyəcəklərini bildirib.
“Axı İran bütün bu hərəkətləri eyni vaxtda - bizə müharibəyə qarşı olduğunu və heç bir tərəfə silahla dəstək verməyəcəyini bildirərkən etdi”, - XİN rəhbəri bildirib.
Kuleba vurğulayıb ki, Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət Tehranın üzərinə düşür.
O, İranın pilotsuz döyüş dronlarının Ukraynanın mülki infrastrukturuna çoxsaylı zərbələr vurmasını, dağıntılar törətməsini, Ukrayna xalqına çəkdirdiyi ölüm və iztirabları nəzərə alaraq, həmçinin İranın bundan sonra da Rusiyaya silah tədarükünü davam edə biləcəyinin mümkünlüyü ilə bağlı xəbərlərin ortaya çıxması ilə əlaqədar olaraq, Ukrayna prezidentinə İranla diplomatik münasibətləri kəsmək təklifini verdiyini vurğulayıb.
"Biz heç vaxt anti-İran mövqeyi tutmamışıq. Amma İran Rusiyanın aqressiya cinayətinə və ərazimizdə törətdiyi cinayətlərə şərik olduqdan sonra bu gün biz çox aydın və dürüst mövqe nümayiş etdirəcəyik. Əgər İran Rusiyaya silah tədarükünü dayandırarsa, biz bütün münasibətlər kompleksini bərpa etməkdən danışacağıq”, - deyə o, bildirib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirmişdi ki, Aİ Rusiyanın Ukraynada İranın pilotsuz hərbi dronlarından istifadə edib-etmədiyini araşdıracaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Rusiyanın Tehrandan pilotsuz döyüş dronları alması mövzusunun süni şəkildə Amerika mediasına atıldığını qeyd edib.
Y.MƏMMƏDLİ