"Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür."
***
Qardaş Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır. Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq, Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, tarixi taxıl anlaşması kontekstində Türkiyə hazırda müharibə edən Rusiya və Ukraynanı bir araya gətirən yeganə ölkədir.
Vüqar Bayramov vurğulayıb ki, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən qısa müddət sonra İstanbulda terror aktının törədilməsi də xeyli suallar yaradır.
“Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında, hətta terror da məğlub olacaq. Biz hər zaman sizinləyik, Türkiyə”, - deyə millət vəkili qeyd edib.
Xatırladaq ki ötə gün saat 16:00 radələrində Türkiyənin İstanbul şəhərində partlayış baş verib. Partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyi məlum olub.
Hadisədən sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik?.. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır... Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”.
Qeyd edək ki, İstanbuldakı partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Y.MƏMMƏDLİ