“...Artıq yalnız biz yox, Azərbaycan türkləri yox, bütün İrandakı etniklər eyni şüarla bu rejimdən, o saxta İslamdan protest edirlər.”
***
İslamı ən yaxşı formada saxlayan dövlət Türkiyədi.
Bu fikirləri Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli TEZADLAR.TV-nin efirindən İranda son zamanlar insanlara qarşı artan zorakılıq hallarından, vətəndaşların kütləvi olaraq molla rejiminə etiraz etməsindən bəhs edərkən deyib.
O, qeyd edib ki, Türkiyədə ən urvatlı – təriqətlərə, sektalara ... hörmətli yanaşılan bir İslam var.
“ ... İslam dünyasını birləşdirmək də Türkiyənin əlindədir. Uzun zaman Xəlifəlik olub əlində. Və belə bir halda, o farsın bu günkü siyasəti türkü parçalamaq - bölmək üçündür, türkü istismar etmək, türkün boy verməsini əngəlləmək, birliyini pozmaq üçündür. İranda İslam adlı spekulyasiyanın bir mahiyyəti də budur. O üzə çıxıb və artıq yalnız biz yox, Azərbaycan türkləri yox, bütün İrandakı etniklər eyni şüarla bu rejimdən, o saxta İslamdan protest edirlər. Qırılırlar, ölürlər, amma meydana çıxırlar. Artıq o rejim iflas olub. O rejim iflas olubsa, bu tərəfdə Azərbaycanın ərəbdən də, bəlucdan da, kürddən də... başqa birləşmə idealı var. Türkmənçay, Gülüstan müqavilələrini yada salaq. Xiyabani, Səttər Xan, Pişəvari Hərəkatını xatırlayaq. Bu millət dayanmayıb – qırılıb, amma mübarizəsini aparıb”, deyə siyasətçi xatırladıb.
Siyasətçi diqqətə çatdırıb ki, bu gün mollaların həyata keçirdiyi qətliamlar bu mübarizənini qarşısını ala bilməyəcək.
“Güney Azərbaycanda türk kimliyi siyasi şiəliyin üstünə çıxdı. Onlar dedi “mən türkəm, mənim haqqımı ver”. Nə istəyir: azadlıq, hürriyyət və milli hökumət. Bu proses də inkişaf edib istiqlala gedəcək. Mənim təqribi proqnozum belədir: İranın federallaşması ola bilər. Mən şəxsən özüm bütövlüyün tərəfdarıyam. Ora Azərbaycanla birləşir və Azərbaycanla 50 milyonluq bir dövlət yaradırıq. Toplum da buna hazırdır. Yəni o tərəfli, bu tərəfli ruhən bir birliyimiz var. Fiziki olaraq birlik də bizdən – Azərbaycandan ağıl istəyəcək. Səngərlər qazıb bir-birinə güllə atmaq deyil”, - o, deyib.
Zəlimxan Məmmədli Prezident İlham Əliyevin Özbəkistandakı çıxışından da sitat çəkib:
“Prezident Səmərqənddə yaxşı bir ifadə işlətdi: “...Kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğraması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb ”.
Qeyd edək ki, Zəlimxan Məmmədli 17 iyul 1957- ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub.
1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Stomatologiya fakültəsini, 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib.
1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.
Hazırda Haqq Ədalət Partiyası Ali Məclisinin sədridir, Borçalı İctimai Cəmiyyətinin, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədridir, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavinidir.
Y.MƏMMƏDLİ