Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən TEZADLAR.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin hamam otağında “ARİSTON” markalı su qızdırıcısında partlayışın baş verdiyi, yanğın qeydə alınmadığı müəyyən edilib. Hadisə nəticəsində mənzilin giriş qapısı və 1 ədəd pəncərə çərçivəsi yerindən çıxıb, hamam otağına ciddi ziyan dəyib. Partlayış nəticəsində xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.