Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiyanı tam təcrid etməyə və neft qiymətləri ilə bağlı tavan müəyyən etməyə çağırıb.
Bu barədə Bloomberg məlumat yayıb.
“Addım-addım Rusiyanın təcridinə doğru irəlilədik. Yetər? Xeyr, bu kifayət deyil, çünki müharibə davam edir”, - deyə nazir telefonla müsahibəsində bildirib.
Reinsalu bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin razılığa gələ bilmədiyi Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketində nəzərdə tutulan tədbirlər kifayət deyil.
O, həmçinin Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün iki milyard avronun ayrılmasını tənqid edib. Nazirin sözlərinə görə, Kiyev hərbi əməliyyatlara 50 milyard xərcləyib.
"Bu, mütləq kifayət deyil - biz gələcəkdə daha böyük məbləğlər haqqında danışmalıyıq", – Reinsalu bildirib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin nüvə enerjisinə təsir etməyəcəyini bildirmişdi. Aİ Rusiyaya ixracı qadağan edilən malların siyahısını genişləndirməyi planlaşdırır. Bu siyahıya aviasiya və kosmik sənaye üçün avadanlıqlar daxil ola bilər.
E.ŞİRİNOV