Belarus Milli Assambleyasının Respublika Şurası (parlamentin yuxarı palatası) vətəndaşlığın verilməsi üçün yeni şərtlər haqqında qanun layihəsini təsdiqləyib.
Bu barədə BELTA məlumat yayıb.
Qanun layihəsinə əsasən, ölkə vətəndaşlığını almaq istəyənlərdən and içməli və iki dövlət dilindən birini - rus və ya belarus dillərini bilməsi tələb olunacaq. Dillərdən birini bilmə səviyyəsinin qiymətləndirilməsi qaydası respublikanın Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Belarusun Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən ediləcək.
Sənəd, həmçinin vətəndaşın ekstremist fəaliyyətdə iştirakını və ya Belarusun maraqlarına ağır zərər vurduğunu təsdiqləyən “qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması səbəbindən” vətəndaşlığın itirilməsi ehtimalını da nəzərdə tutur.
Bundan əlavə, qanun layihəsi başqa dövlətin vətəndaşlığını və ya orada yaşamaq icazəsi almış Belarus vətəndaşlarını bu sənədləri aldığı tarixdən üç ay müddətində Belarusun daxili işlər orqanlarına və ya diplomatik xidmətinə məlumat verməyə məcbur edir.
Bundan əvvəl bildirilmişdi ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatası ekstremizmə görə vətəndaşlıqdan məhrumetmə haqqında qanun layihəsini qəbul edib. Sənədə əsasən, müvafiq cinayətlərdə təqsirli bilinən, lakin ölkədən kənarda yaşayan şəxslər vətəndaşlıqdan məhrum ediləcəklər.
E.ŞİRİNOV