Ukraynaya qarşı 10 aylıq müharibədən sonra Rusiya prezidenti Vladimir Putin hakimiyyətinin 23-cü ildönümünü bütün bu illər ərzində xarici və daxili təcrid şəraitində qarşıladı.
Bu barədə Washington Post yazır.
Nəşr qeyd edir ki, Ukraynaya hücum Rusiya ilə Qərb arasında onilliklər ərzində qurulmuş iqtisadi əlaqələri məhv edib. Ölkə beynəlxalq pariyaya çevrilib, Putinin özü isə rus elitasından çox uzaqlaşıb.
Nəşrin Kreml ətrafındakı çevrələrdən olan həmsöhbətlərinin fikrincə, bu gün Putin “dostlarının itkisini hiss edir”. Rusiya elitası parçalanıb - bəziləri müharibənin bitməsini istəyir, bəziləri isə eskalasiyanın gücləndirilməsini zəruri hesab edir. Amma həm onlar, həm də digərləri Rusiyanın müharibədə indiki taktikasından narazıdırlar.
"Bu, elitanın nəzərində suallara cavab verməkdə aciz görünən bir fiqurdur (Putin – red.). Elita nəyə inanacağını bilmir və sabah haqqında düşünməyə qorxur", - Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Tatyana Stanovaya nəşrə bildirib.
Rusiyanın Ukraynaya hücumunun uğursuzluğu
Fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı işğalı bir anda bir neçə istiqamətdə - Donbass, Odessa, Zaporojye, Xarkov, Sumı, Çerniqov və Kiyevdə həyata keçirilib. Analitiklər hesab edirlər ki, plan bütün ölkəni tez və tamamilə ələ keçirmək idi.
“Blitskrieg”in uğursuzluğundan sonra rus qoşunları Ukraynanın şimalında, şərqində və cənubunda işğal olunmuş ərazilərin yarısından geri çəkilməyə məcbur oldular. Sonra Rusiya Federasiyası raket terroru taktikasına keçib, Ukrayna əhalisini işıqsız, istiliksiz və susuz qoymağa cəhd göstərsə də, bu plan planlaşdırıldığı kimi hələ də həyata keçirilməyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bu günə qədər Rusiya ordusunun Ukraynadakı itkiləri artıq 105 mindən çox insanın ölümünə səbəb olub. Eyni zamanda, rus qoşunları iyun ayından döyüş meydanında heç bir ciddi uğur göstərə bilməyib.
E.ŞİRİNOV