Avropa Komissiyası Ukraynaya 18 milyard avroya qədər makromaliyyə yardım paketindən ilk 3 milyard avro ödəyib.
"Komissiya bu gün Ukraynaya 18 milyard avro həcmində makromaliyyə yardımı paketindən 3 milyard avro məbləğində birinci tranşı ödəyib", - Avropa Komissiyasının rəsmi saytında bildirilir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyd edib ki, Rusiyanın təcavüzünə qarşı mübarizə üçün Ukraynanın maliyyə ehtiyaclarını ödəməkdə dəstəklənməsi son dərəcə vacib və aktualdır.
"Dekabrda razılaşdırılmış 18 milyard avroluq makromaliyyə dəstəyinin ilk 3 milyard avrosunun bu gün ödənilməsi Komissiyanın maksimum sürətlə və qətiyyətlə hərəkət etdiyini göstərir", - bəyanatda deyilir.
Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın yeni makromaliyyə yardım proqramından aldığı ilk 3 milyard avroya görə Avropa İttifaqına təşəkkür edib.
"Ukrayna yeni 18 milyard avroluq makromaliyyə proqramından ilk 3 milyard avronu alıb. Mən güclü dəstəyə görə Aİ-yə və prezident Ursula fon der Leyenə minnətdaram", - Zelenski Twitter-də yazıb.
O vurğulayıb ki, Ukraynanın maliyyə sabitliyinin qorunması işğalçı üzərində ümumi qələbə üçün həyati əhəmiyyət kəsb edir.
Aİ-dən Ukraynaya makromaliyyə yardımı: təfərrüatlar
2022-ci il dekabrın 11-də Avropa İttifaqı Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək qərarına gəlib.
Yanvarın 2-də Ursula fon der Leyen elan etdi ki, Ukrayna tezliklə ümumi məbləği 18 milyard avro olan yardım paketindən aylıq tranşlar şəklində makromaliyyə dəstəyi almağa başlayacaq.
Yanvarın 16-da Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis 2023-cü ildə Ukraynaya maliyyə vəsaitinin ayrılması məqsədi ilə anlaşma memorandumunun imzalandığını elan edib.
K.ŞİRİNOV