ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintona və daha 30 nəfərə qarşı əsassız iddia qaldırdığına görə 1 milyon dollara yaxın təzminat ödəməlidir.
Tezadlar.az "The New York Times"-a istinadən xəbər verir ki, bu qərarı Florida məhkəməsi verib.
Nəşr xəbər verir ki, hakim Trampın ittihamlarını əsassız hesab edib. Tramp Klintonu 2016-cı il prezident seçkiləri zamanı onun reputasiyasına xələl gətirməkdə ittiham edib.
ABŞ-ın Dairə Hakimi Donald Middlebrooks bu işdə verdiyi qərarda Trampın iddiasını qeyri-adekvat adlandırıb və bildirib ki, bu, ümumiyyətlə, verilməməli idi.
"Onun hüquqi ifadə kimi qeyri-adekvatlığı (iddia. - red.) əvvəldən bəlli idi. Heç bir ağlabatan vəkil onu qaldırmazdı", - hakim bildirib.
Bundan əlavə, hakimin fikrincə, Tramp tez-tez iddialardan siyasi və biznes rəqiblərinə qarşı silah kimi istifadə edib. Bununla, Middlebrooks-un fikrincə, Tramp məhkəmə sisteminin etibarını sarsıdıb.
Bundan əvvəl Bloomberg agentliyi Trampın keçmiş vəkili Rudi Culianinin Vaşinqtonda çağırış vərəqəsi aldığını bildirmişdi. Çağırış vərəqəsi 2022-ci il noyabrın əvvəlində verilib. Çağırış vərəqəsində Culianidən hansı məlumatın tələb olunduğu bildirilməyib və onun ifadəsinin statusu rəsmi olaraq açıqlanmayıb.
E.ŞİRİNOV