Fevralın 14-ü səhər saatlarında Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib. Bu, onlayn xəbərdarlıq xəritəsinin məlumatlarından irəli gəlir.
Demək olar ki, eyni vaxtda Ukraynanın bütün bölgələrində yerli vaxtla 09:11-09:13-də hava hücumu sirenaları işə düşüb.
Tezadlar.az "Strana.ua"na istinadən xəbər verir ki, hava hücumu xəbərdarlığının elan edilməsinə səbəb Rusiya təyyarəsinin Belarusda havaya qalxması olub.
Qeyd edək ki, Rusiya hərbçiləri ötən il oktyabrın 10-da Ukraynanın hərbi infrastrukturuna zərbələr endirməyə başlayıb. Bu, arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığı Krım körpüsündə törədilən terror aktına cavab idi.
Rusiya prezidenti Vladimir Putin izah edib ki, Rusiya ordusu Kiyevin hücumlarına cavab olaraq Ukraynanın enerji infrastrukturuna zərbələr endirir. Belə ki, o, Almaniya kansleri Olaf Şolsla söhbətində Ukraynadakı hədəflərə endirilən zərbələri Kiyev rejiminin təxribatlarına, o cümlədən Krım körpüsünə terror aktına məcburi reaksiya adlandırıb.
Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri uzun müddətdir Ukrayna ərazisində "müəyyən hədəflərə dəqiq raket zərbələri endirməkdən" çəkinib.
E.ŞİRİNOV