Xəbər verdiyimiz kimi, neçə gündür Bakının Bayraq Meydanı-Neftçilər prospekti istiqamətində avtomobillərin süni tıxacı müşahidə olunur...
Sən demə, bu, paytaxtın mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı imiş. Dünən sosial şəbəkələrdə də sürücülərin və paytaxt sakinlərinin çoxsaylı narazılıqlarını ifadə edən statuslara rast gəlinirdi. Saatlarla tıxacda qalmamaq üçün sürücülər məlumatlandırılmalı idi. Amma deyəsən bu, unudulmuşdu.
Nəhayət, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib. "Sürücülərin diqqətinə çatdırırıq ki, paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir bərpa işlərini nəzərə alıb 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik".
Onu da xatırladırıq ki, dünən Bayraq Meydanı istiqamətində saatyarım tıxacda qalan əməkdaşımız sonradan aydınlaşdırıb ki, əslində, bu tıxac süni yaradılıb. Çünki DYP əməkdaşı Əl Oyunları Stadionun qarşısında yolu kəsərək avtokobilləri hər 20 dəqiqədənbir 2-3-5 avtokobili buraxırmış. Qarşıda isə hansısa yolun açıq olmasından xəbərsizlik olub.
ELÇİN