Rusiya iqtisadi inkişafda mühüm uğurlar əldə edib və tətbiq edilən sanksiyalar onun xeyrinə olub.
Tezadlar.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında bildirib.
“Yaşayış səviyyəsinin və gözlənilən ömrün artırılması, işsizliyin aşağı olması ilə yanaşı, Rusiya iqtisadi inkişafda mühüm uğurlar əldə edib və tətbiq edilən sanksiyalar onun xeyrinə olub”, - deyə Volodin bildirib.
Onun sözlərinə görə, 1976-cı ildə SSRİ-nin dağılacağını proqnozlaşdıran fransız tarixçisi Emmanuel Todd Ukraynadakı hərbi münaqişənin bilavasitə iştirakçısı olan Qərbin süqutunu və Rusiyanın qələbəsini də proqnozlaşdırıb.
Bundan əlavə, Dövlət Dumasının spikeri vurğulayıb ki, Todd özünün “Qərbin məğlubiyyəti” kitabında Rusiyanın 2027-ci ilə qədər Ukraynada qaçılmaz qələbəsini proqnozlaşdırır və ABŞ və Aİ-nin Rusiyanı lazımi səviyyədə qiymətləndirmədiyini qeyd edir.
“Rusiya Federasiyası bütün dünyaya öz dəyərlərini tətbiq etmədən, mənəvi sahədə Qərbin deqradasiyasına qarşı çıxan əksər ölkələr üçün maraqlı olub”, - Volodin qeyd edib.
O, həmçinin əlavə edib ki, hazırda Rusiya iqtisadiyyatı və onun ÜDM göstəricisi maddi istehsalla bağlı olduğundan Qərbinkindən qat-qat realdır.
E.ŞİRİNOV