“Köhnə elektrik sayğaclarının foto şəklini elektrik idarəsinə təqdim etməsi belə Xırdalan Elektrik Şəbəkəsinin əməkdaşları üçün özlərinin təyin etdiyi 400 manat “DİNMƏ VER”-i ləğv etməyə sövq etməmişdir”

...Nadirhüseynov İsa Şamil oğlu 1970-ci ildən bu günədək fasiləsiz olaraq Xırdalan şəhəri H.Əliyev prospektində 4 m2 sahədə yerləşən, eyni vaxta bir müştəriyə xidmət etməyə imkan verən, bir kresloluq dəllək dükanında dəllək işləyir. 53 il ərzində vergi, elektrik enerjisi istifadəsi üçün ödənişləri daim vaxtlı vaxtında ödəyib. Bir ay bundan öncə Xırdalan Elektrik Şəbəkəsinin əməkdaşları gəlib dəllək dükanının elektrik xəttini kəsib gediblər. O, Xırdalan Elektrik Şəbəkəsinin ofisinə gedib bunun səbəbini soruşduqda, 460 (dörd yüz altmış) manat borcun olduğuna görə idarənin yeni rəisinin göstərişi ilə kəsildiyini bildiriblər. Borcun yaranma səbəbini soruşduqda isə əvvəlcə ona gələn elektrik xəttinin birbaşa transformatordan götürüldüyünü, 460 manatın 60 manatının transformatordakı itkiyə, 400 manatının isə hesablama metodikasından yarandığını deyiblər.

Dəllək Nadirhüseynov onlara transformatorun dükandan bir kilometr aralı olduğundan dəllək dükanına transformatordan kabel çəkməyin onun imkanında olmadığını, ötən 53 il ərzində 60 il öncə oraya çəkilmiş elektrik xəttindən istifadə edildiyini bildirdikdən sonra, ona hesablama metodikasından yaranan 400 manatı ödədiyi halda, transformator itkisindən yaranan 60 manatı ona güzəşt edə biləcəklərini bildirmişlər. 400 manatın 2015-2019-ci illərdə dükanda elektrik sayğacının olmadığından sayğacsız işləyən obyektlərdə elektrik enerjisinin məsrəflərinin hesablanma normativinə əsasən hesablandığından borcun da bu hesablama metodundan yarandığına görə hökmən ödəməli olduğunu bildirmişlər.

Maraqlı burasıdır ki, bu gün dükanda mövcud olan elektrik sayğacını 2021-ci ildə dükanda quraşdırılan zaman “sayğac quraşdırma uçota nəzarət idarəsinin” baş mütəxəssisi və texniki, Vəliyev T. və Məmmədov N.-in imzası ilə köhnə sayğacın çıxarılaraq təzə sayğac ilə əvəz edilməsi  259649 saylı aktla təsdiq edildiyi və 1915-ci ildə quraşdırılmış sayğacın onlar tərəfindən götürüldüyü sübut edildiyi halda, 2014-ci ildən indiyədək sayğacın göstərişləri üzrə istifadə edilən elektrik enerjisinin dəyərinin ödənildiyi barədə rəsmi ödəniş cədvəli, hətta yeni quraşdırılmış və köhnə elektrik sayğaclarının foto şəklini elektrik idarəsinə təqdim etməsi belə Xırdalan Elektrik Şəbəkəsinin əməkdaşları üçün özlərinin təyin etdiyi 400 manat “DİNMƏ VER”-i ləğv etməyə sövq etməmişdir.

Bu qanunsuzluq isə vətəndaşlara qarşı tətbiq edilən MƏMUR TERRORU və QULDURLUĞUNDAN başqa bir anlama gəlmir. Nadirhüseynov İsa Şamil oğlunun redaksiyaya təqdim etdiyi Respublika Prezidentinə, Baş Prokurora, “Azərenerji” ASC-nin rəhbərinə ünvanladığı şikayət ərizəsi, 2015-ci ildən 2021-ci ilə qədər mövcud olub dəyişdirilən köhnə və yeni sayğacın fotoşəklini, köhnə sayğacın götürülüb yenisi ilə əvəzedilməsinin 259649 saylı aktını, habelə (2015-ci ildən 2023-cü ildə) dükanın elektrik xətti Xırdalan Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən kəsilənədək sayğaca əsasən aylar üzrə ödənilən ödənişlərin rəsmi cədvəlini oxuculara təqdim edirik. Bütün sadalanan faktlardan əlavə heyrət doğuran bir məsələ də budur ki, mövcud real faktların əksinə, hətta 2015-19-cu illərdə sayğac olmadığını təsəvvür etsək belə, həmin hesablanma metodikası ilə hər ay hesablanıb vətəndaşa ödəniş hesabı təqdim edilməli olduğu halda, vətəndaşa 460 manat borc yazmaq 8 ildən sonra XEŞ-si rəhbərlərinin ağlına haradan, oyaq vaxtı və ya yuxuda NAZİL olub, bilinmir...

Bu sualın cavabını isə yəqin ki, XEŞ-dən, yaxud  Xırdalan məscidinin axundundan, ya da ki, Abşeron Rayon Prokurorluğundan öyrənmək mümkün olacaq.

İnanırıq ki, ən azı bu yazıdan sonra vətəndaşa qarşı edilən bu haqsızlıq aradan qaldırılacaq.

Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN