Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya artıq 103 gündür davam edir.
Bu gün aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər. Onlar da digərləri kimi, Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
Etirazçılar indiyədək olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Bu gün də Rusiya sülhməramlı kontingentinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında təminat-təchizat, tibbi yardım və minik avtomobilləri olub.
Şuşada səhərdən indiyədək günəşli hava müşahidə olunur.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edilib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.