Serbiyanın baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç Ukraynaya serb silahlarının tədarükü ilə bağlı iddiaları əsassız adlandırıb.
"Baş nazirin birinci müavini, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Britaniyanın Reuters agentliyi tərəfindən dərc edilmiş və ayrı-ayrı Serbiya KİV-ləri tərəfindən təkrar nəşr edilən Ukraynaya silah və hərbi texnikanın tədarükü ilə bağlı iddiaları təkzib edir. Nazir Daçiç Serbiyanın yerli və beynəlxalq sənədlərə hörmət etdiyini bildirib. Əgər bu, silahlı münaqişələrin başlanmasına və ya davam etdirilməsinə, regionda sülh və təhlükəsizliyə və ya öz müdafiə maraqlarına təhlükə yarada bilərsə, heç bir dövlətə silah və hərbi texnika vermir”, - deyə diplomatik xidmətdən bildirilib.
Nazir vurğulayıb ki, “Serbiya Respublikası özünün hərbi neytrallıq siyasətinə sadiqdir və Milli Təhlükəsizlik Şurasının ötən ilin fevralında çıxardığı nəticələri həyata keçirir”.
Serb diplomatiyasının rəhbəri vurğulayıb ki, Ukraynada münaqişə başlayandan bəri “tərəflərdən heç birinin silahı Serbiyadan ixrac edilməyib”.
“Nazir qeyd edib ki, Serbiya Respublikasının silah və hərbi texnikasının ixracı üçün lisenziyalar yalnız son istifadəçi sertifikatı olan alıcılara verilir, bu sertifikatda digər şeylərlə yanaşı, son istifadəçinin razılığı olmadan silahı yenidən sata bilməyəcəyi bildirilir”, - məlumatda deyilir.
Bundan əvvəl Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirmişdi ki, Serbiya nə Ukrayna, nə də Rusiya tərəfinə silah satmayıb və satmayacaq. Oxşar bəyanatla martın 5-də Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah vermədiyini vurğulayıb.
“Reuters” Pentaqonun internetə sızan məxfi sənədlərinə istinadən iddia edib ki, Serbiya hökuməti Ukrayna ordusunu öldürücü silahlarla təmin etmək imkanını etiraf edir. Sənədə əsasən, Serbiya hakimiyyəti Ukrayna hərbçilərinə təlim keçməkdən imtina edib, lakin Kiyevi silahla təmin etmək üçün hərbi imkanların və siyasi iradənin mövcudluğu barədə məlumat verib. Eyni zamanda, agentlik Pentaqonun materiallarının həqiqiliyini təsdiq edə bilməyəcəyini vurğulayıb.
E.ŞİRİNOV