30 il Azərbaycanın Qarabağdakı əzəli torpaqlarını işğal altına saxlayaraq yeraltı-yerüstü sərvətlərini talamış, şəhər və kəndlərindəki
yaşayış və inzibati, tarixi -mədəni binalarını söküb aparmış, yerdə qalanını yerlə-yeksan etmiş, bununla ürəyi soyumayıb qəbir daşlarına belə tamah salıb daşıyıb satmış, dünyasını dəyişmiş insanların qəbirlərindən qızıl diş axtarıb, sümüklərini belə təhqir etmiş Ermənistanın, sən demə, ölkəmizə qarşı, ümumiyyətlə heç bir qonşu ölkəyə qarşı ərazi iddiası olmayıb və yoxdur...
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan danışıb.
"Ermənistanın qonşu ölkələrə nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq. Ermənistanın belə bir iddiası yoxdur və bunu planlaşdırmır", -deyə o, parlamentdə sualları cavablandırarkən açıqlayıb.
Paşinyanın bu açıqlaması sadəcə gülüş doğurur. İllərdir Azərbaycanla sülhə gəlməyən, sülh müqaviləsi imzalamaqdan əlavə şərtlərlə yayınan, Moskvada imzalanmış üçtərəfli Bəyənnamənin şərtlərini yerinə yetirməkdən boyun qaçıran, Qarabağa silahlı terror dəstələri göndərən, saysız-hesabsız minalar basdırıb neçə- neçə vətəndaşlarımızın həyatına qəsd edən, mina xəritələrini verməyən və mina terrorunu davam etdirən... Ermənistan rəhbərliyinin bu “sülhpərvər” bəyanatları hələ ki, havaya deyilmiş söz yığınından ibarətdir və faktiki olaraq reallığı əks etdirmir. Bu, yalnız gözə kül üfürmək və xarici havadarlarına “sülhpərvər” olduqlarını göstərməkdən ibarətdir...
Y.MƏMMƏDLİ