Rusiya prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün vizanın ləğvi Fərmanı ətrafında qalmaqal davam edir...
Belə ki, ölkə parlamenti yaxınlığında müxtəlif müxalif siyasi partiyaların nümayəndələri, həmçinin vətəndaş hərəkatının üzvlərinin iştirakı ilə “Rus gəmisi ilə Avropa İttifaqına girə bilmərik” adlı aksiya keçirilib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiya iştirakçıları Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına etiraz ediblər. Onlar üzərində “Rusiya hökumətinə yox”, “Rusiya təyyarəsi Aİ-yə sığmır”, “Uçma!” sözləri yazılmış plakatlar tutublar. Etirazçılar bəyan ediblər ki, Ukraynada davam edən müharibə fonunda bütün qərb ölkələri həmrəylik içərisindədir. Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu almaq şanslarının olduğu bir vaxtda birbaşa uçuşlara icazə vermək düzgün deyil. Onlar bu addımı “hökumətin həyata keçirdiyi ləyaqətsizliyin mükafatı” kimi qiymətləndiriblər.
Etirazçılar aksiyanı davam etdirmək üçün "Georgian airways"in (Gürcüstan hava yolları) ofisinə qarşı hərəkətə keçiblər. Lakin polis onların qarşısını kəsib. Etiraz aksiyaları günbəgün genişlənir. Ölkə prezidenti də məlum Fərmana qarşı olduğunu bildirmişdi...
A.Məmmədli