Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukraynaya səfəri çərçivəsində ölkə prezidenti Vladimir Zelenski ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə cümə axşamı brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
"Xüsusi nümayəndə Li Huinin Ukraynaya səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski onunla görüşüb. Li Hui digər Ukrayna rəsmiləri ilə də görüşlər keçirib", - Vanq Venbin bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui mayın 16-17-də Kiyevdə olub. O bildirib ki, Ukrayna böhranının həlli üçün universal üsul yoxdur və ÇXR bu problemin həllinə öz yolu ilə kömək edəcək.
Bundan əvvəl xəbər verilmişdi ki, Çin Xalq Respublikasının xüsusi nümayəndəsi Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak və bu ölkənin xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda görüşlər keçirib.
E.ŞİRİNOV