Vaşinqtonda Ağ Evin yaxınlığında hasara çırpılan yük furqonunun sürücüsü polis tərəfindən prezident Co Bayden, ABŞ vitse-prezidenti Kamala Harris və onların ailə üzvlərini öldürmək niyyətində ittiham olunur.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Xatırladaq ki, hadisə mayın 22-i bazar ertəsi axşam saatlarında baş verib. Mikroavtobus sürücüsü Ağ Evin qarşısındakı Lafayette Meydanında təhlükəsizlik baryerini aşıb. Ağ Evin mühafizəçilərindən və əməkdaşlarından heç kim xəsarət almayıb. Polis avtomobildə axtarış apararkən nasist bayrağı tapıb. Mikroavtobusun özü yük maşını icarəsi olan U-Haul şirkətinə məxsus idi.
Sürücü saxlanılsa da, adı və yaşı açıqlanmayıb. İndi hadisənin təhqiqatına polis, ABŞ Məxfi Xidməti və FTB cəlb olunub.
Təqsirləndirilən şəxs prezident, vitse-prezident və onların ailə üzvlərini öldürməklə, oğurlamaqla və ya onlara zərər vurmaqla hədələməkdə ittiham olunur. Bundan başqa, o, təhlükəli silahla basqın etmək, dövlət əmlakına ziyan vurmaq, təhlükəli avtomobil idarə etmək və mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.
E.ŞİRİNOV