“Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin  daha da möhkəmləndiyi  aydın görünür. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi bütün dünyada heyranlıqla izlənilirdi.

“Azərbaycan tək deyil” bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradından bu günə qədər  tarixi Zəfərin reallıqlarının təsdiqi və  qəbul etdirilməsi istiqamətində dövlət başçısı İlham Əliyev ilə birgə atdığı addımlar bu gün də diqqətdən kənarda qalmır. Qardaş ölkənin Prezidenti şanlı Qələbəmizdən sonra  Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olarkən münasibətlərin gələcək inkişafına xidmət edən sənədlərin imzalanması mərasimində iştirak etdi, Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.

Cənab Rəcəb Tayyib Ərdoğan bu çağırışı ilə  sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi. 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşanın Azərbaycan-Türkiyə dostluğunun, müttəfiqliyinin rəsmiləşdirilməsi üçün imzalanan sənədə şahidlik etməsi qardaş ölkənin Prezidentinin böyük əminliklə səsləndirdiyi fikirlərin əyani sübutu oldu.  Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır: “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib. İki dost və qardaş ölkənin  birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.  Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir”.

YAP Xətai rayon təşkilatının sədri bütün dövrlər üçün aktuallığını qoruyan informasiya mübarizəsinə, təbliğat işinin lazımi səviyyədə qurulması məsələsinə də xüsusi diqqət yönəldib. Bildirib ki, tarixi Zəfərimizdən sonra gündəmə gətirilən əsas məsələlərdən biri məhz iki qardaş ölkənin media sahəsində əlaqələrinin genişləndirilməsi, birgə media platformasının yaradılması oldu: “Bu mühüm məqam Şuşa Bəyannaməsində öz əksini tapıb. Belə ki,  xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirmək əsas çağırışlar sırasındadır. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan  məsələlər Bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbulu və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin olunması xüsusi vurğulanır.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda Ortaq Media Platformasının yaradılması təqdir edilən addımlar sırasındadır.  Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı”.

V.Rəhimzadə məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir: “Tarixə qısa baxış əsasında Prezident İlham Əliyev onu da bildirir ki, tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla yanaşı, ölkələrimiz arasındakı əməkdaşlığın bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək: “Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk  “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev  “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” demişdilər. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev isə “Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”” söyləyir”.

V.Rəhimzadə  bu mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur: “Şuşa  Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsi, habelə bu sahədə strateji məqsədlərin olmasıdır. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimizin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı daha da dərinləşdirir”.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır: “Şuşa Bəyannaməsində əksini tapan bütün müddəaların hər birində ayrı-ayrı sahələr üzrə əlaqələrin inkişafına yönələn çağırışlar öz əksini tapıb ki, bu da bütövlükdə gələcək barədə aydın təsəvvür yaradır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN