“Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətlərdən söhbət düşəndə ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir. Dahi liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin, torpaq, Vətən, xalq sevgisindən irəli gələn addımlarının miqyası o qədər böyükdür ki, bu nəhəng işləri zamana sığışdırmaq belə mümkünsüzdür.
Məhz bu baxımdan Ümummilli Liderin siyasi portretini təqdim edərkən “Zamana sığmayan şəxsiyyət” ifadəsini əminliklə söyləyir və Heydər Əliyev yolunun bundan sonra da müasir müstəqil, qalib Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağını əminliklə bildiririk. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər bir sınaqdan uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri onun keçmişini unutmayaraq bu günü ilə qürur duyması və gələcəyə böyük inamla addımlamasıdır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı faciələr, təhlükələr tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir.
Amma diqqət çəkən məqam budur ki, xalq bütün çətinliklərə, təhlükələrə baxmayaraq sabaha ümidini itirmədi. Xalqda belə bir əminlik var idi ki, daim çətin anlarda xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev yenə də onları tək qoymayacaq, tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin itirilməsinə laqeyd qalmayaraq, öz zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxaracaq. Elə də oldu. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi Ümummilli Lideri Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi ilə 9 iyun tarixində Bakıya gələn Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 24 iyun 1993-cü il tarixində isə Milli Məclisin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək, yəni prezident seçkilərinə qədər Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanın parlamentarizm ənənələri daha da təkmilləşdirildi, qanunverici orqana yeni bir nəfəs gəldi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayaraq bu istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, proseslərin sonrakı inkişafı bir daha göstərdi ki, Ümummilli Lider Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı illərdə daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək təkmil qətiyyətli idarəçilik sistemini yaratdı: “Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi və sarsılmazlığı təmin edildi, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün mühüm addımlar atıldı. Ölkədə demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Son nəticədə dahi şəxsiyyət Heydər Əliyev adını xalqımızın dövlətçilik tarixinə müasir müstəqil, demokratik Azərbaycan dövlətinin banisi kimi həkk etdi”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun aydın mənzərəsini təqdim edir: “Azərbaycanın ötən hər gününü tarixinə uğur səhifəsi kimi yazması məhz möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Bu gün ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının çoxalması, enerji sektorunda ölkəmizlə əməkdaşlığın qurulmasına və bu prosesin çoğrafiyasının genişləndirilməsinə marağın daha da artmasının fonunda yeni layihələrin gündəmə gətirilməsi Heydər Əliyevin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsidir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlar sırasındadır. Artıq Azərbaycanla ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də gündəmdədir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra keçirdiyi bütün görüşlərdə Azərbaycanın enerji uğurlarından bəhs edərkən diqqəti işğaldan azad edilmiş ərazilərimizin malik olduğu bərpa olunan enerji resurslarına yönəldir. Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması ilə əldə etdiyi uğurların miqyasını genişləndirməklə 2017-ci ildə etibarlı tərəfdaş olaraq mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi dünyanın nəhəng neft şirkətləri ilə “Yeni əsrin müqaviləsi”ni imzaladı. Bu gün Heydər Əliyevin neft strategiyasının uğurlu icrası nəticəsində reallığa çevrilən layihələr dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır”.
V.Rəhimzadə iqtisadi inkişafın davamlılığı fonunda Azərbaycanın digər sahələrdə qazandığı uğurlardan da geniş bəhs edib. Bildirib ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri işlər görüldü: “Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirməyə qadir ordusu formalaşdı. Yaradılan möhkəm təməl bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını şərtləndirdi. Ən əsası 30 il davam edən işğala 44 gündə son qoyan Azərbaycan Silahlı Qüvvələri belə bir reallığı təsdiqlədi ki, müharibə şəraitində yaşayan ölkənin güclü, qüdrətli ordusunun olması vacibdir.
Ümummilli Liderin çağırışlarında belə bir məqam xüsusi qeyd edilirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordun olmalıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk günündən qarşıya qoyduğu əsas hədəflərdən biri də Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi. Qısa müddətdə ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə nail olundu. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı nüfuzlu dövlətlərlə ikitərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha da möhkəmləndirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Bütün bunlar banisi Ulu Öndər olan müasir müstəqil dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızla görüşlərində bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz bərpa olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində də bu inam öz əksini tapmışdı ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilir: “Dövlətimizin başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də mühüm addımlar atılıb və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Xalq-Prezident-Ordu birliyinin təqdimatı oldu. Xalqımız dövlətimizin başçısının hər bir vədinin real həyatda şahidi olur. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Ali Baş Komandan İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.
Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur dirçələcək, Böyük Qayıdış proqramı uğurla başa çatacaq, soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar. Hər yeni dövr ölkəmizin həyatında böyük uğurlarla xarakterizə edilir. Son 30 ildə dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır”.