Rusiya Müdafiə Nazirliyi "Vaqner" ÖHŞ-nin (Özəl Hərbi Şirkət) yaradıcısı Yevgeni Priqojinlə bağlı vəziyyəti silahlı üsyan adlandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə idarənin iyunun 24-də dərc olunmuş "Vaqner" ÖHŞ-nin hücum dəstələrinin döyüşçülərinə müraciətində deyilir.
"Sizi Priqojinin cinayət macərasına və silahlı üsyanda iştiraka aldatdılar", - deyə Müdafiə Nazirliyinin nümayəndələri Vaqner döyüşçülərinə müraciət ediblər.
Müdafiə Nazirliyi döyüşçüləri tədbirli olmağa və nazirliyin nümayəndələri və ya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlamağa çağırıb. Qeyd edildiyi kimi, bir neçə dəstənin bir çox döyüşçüləri daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq üçün kömək istəyiblər. Müraciət edən döyüşçülərə Müdafiə Nazirliyi tərəfindən lazımi köməklik göstərilib.
Nazirlik kömək istəyən döyüşçülərin təhlükəsizliyinə zəmanət verib.
Xatırladaq ki, iyunun 23-də FTX "Vaqner" ÖHŞ-nin (Özəl Hərbi Şirkət) təsisçisi Yevgeni Priqojinə qarşı silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işinin başlandığını elan edib. Bundan əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyinin “Vaqner” qrupunun arxa düşərgələrinə zərbələr endirdiyini açıqlamışdı. Bundan sonra Rusiya müdafiə departamenti təkzib verib və Priqojinin sözlərinin təxribat olduğunu və reallığa uyğun olmadığını vurğulayıb.
FTX Priqojinin üsyana çağırışlarını rus hərbçilərinin “kürəyindən bıçaq zərbəsi” adlandırıb. Rusiya Federasiyası Baş Prokurorluğundan bildirilib ki, Vaqner qrupunun təsisçisini 20 ilədək həbs cəzası gözləyir.
E.ŞİRİNOV