Nizami Süleymanoğlu
“Biri var anın, qısa bir zaman kəsiyinin qəhrəmanı olasan, biri də var həyatını qəhrəmanlıq tərzində yaşayasan, Fred Asiflər kimi”
...İndiyə qədər bir sıra kitablarım çıxıb. Biri də 2006-cı ildə qələmə aldığım Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun - Fred Asifin nəzmə çəkilmiş həyat dastanıdır. Tarixi, bədii, publisistik, poetik topludur bu əsər. Qəhrəmanın qardaşı Ədalətin xahişi ilə yazdım 3 aya 280 səhifəni. Yazı prosesində “Bəsti-zaman” deyilən təsiri yaşadım. “Bəsti-zaman” zamanın bərəkətlənməsi ilə çox işin az vaxtda görülməsidir.
İçimi çölə çıxaran mövzuları xoşlayıram. Belə mövzular yaradıcılıq potensialımı daha çox gerçəkləşdirir. Mövzunu elə doyumsuz eşq ilə sevirəm ki, ilahi bir köməyin fərli təzahürlərini də yaşamaqdan doymuram. Mövzuda yaradılan obrazda simpatiya, empatiya əlaqələri telepatik ünsiyyət yaradır. Təbii ki, usta qələmlər bu halı yaşayır.
Kitablarımın özətindən anlamışam ki, yaradıcılığımda üç xüsusi mövzu öncülləşib, müqəddəsləşib. Qarabağ-Vətən mövzusu. Bu, Fred Asifin obrazında sonsuzlaşır. Bakı, övliya mövzusu Mir Möhsün ağa obrazında yaranıb və davam edəcək. Və yəhudilik mövzusudur ki, ömrümün qalan hissəsini də onunla tamamlamağa görəvliyəm.
***
Məni tanımaq istəyən öncə özünü tanımalıdır ki, Allahını tanısın. Məhz buna görə də heç də çoxlarının haqqında söz deməsini nə arzulamışam, nə də rəva görmüşəm. Kitablarımda, hətta redaktor rəyimə də ehtiyac duymuram nadir istisna ilə. Ancaq Milli Qəhrəman Fred Asifdən bəhs edən kitabımda onun qardaşının dostu gözəl şair Germanın əsərə redaktorluq etməsi razılığı içimdən gəldi. Təqdimat mərasimini də 2006-cı ildə o, apardı.
Yaradıcılığım haqqında ən layiqli dəyəri 1992-ci ildə Təbrizin şair, fikir adamları, iş adamları verib. Qarabağ məsələsi ilə bağlı gizli səfərimdə 13 gün onların qonağı oldum. Xeyli pul təklif etdilər ki, ikicə il Təbrizdə onların arasında qalıb sonra dünyanın istənilən yerinə gedim. Təbii ki, təşəkkürlə imtina etdim təklifdən. Ancaq Təbrizin sözə, şeirə, sənətə bu qədər önəm verməsini heç unuda bilmədim.
Bakıda şeirə, sənətə həqiqi dəyər vermə halını Mir Möhsün ağa ziyarətgahının sədri Hacı Nizam Həbib oğlunda gördüm. Bunlar ruhlanma, kamlanma məsələləridir. Unutmaq mümkün deyil.
***
10 iyun 2023. Fred Asifi doğan Məhluqə ananın dünyasını dəyişməyinin il mərasimi idi. İnsan harda olursa-olsun qabiliyyət və istedadları da onunla olur. Ağdamlılar torpaqlarından illər uzunu uzaq düşsə də, məlum qabiliyyət və bacarıqları ilə fərqlənirlər. İstər döyüşkənlik, istər ticarət, istərsə də kədərlərində el gücü ilə birgə olmaq və sair qabiliyyətləri ilə.
Mərasim yeri günortadan axşam saatlarına qədər dəfələrlə dolub-boşaldı. Qəhrəman anasının şəxsində rəhmət diləkləri ilə dualar oxundu. Ağdam hələlik viranə qalsa da ümidlər çiçəkləndirildi. Bu məclisdə ağdamlılığın, vətənsevərliyin sevincləri il mərasimi rəhmətləri ilə iç-içə idi. Mərasimdə məmnuniyyətlərə bu yazının müəllifi kimi şahid və şərik idim. Çoxdan görmədiklərimlə görüşdüm. Gözlərim, qəlbim, içim sevindi. 15 il görmədiyim German da onlardan biri, xəyalımda, yaddaşımda sevgi, sayğılarla andığım xüsusi adam. Bu gözəl şair üzünü yaxınımızdakı yaradıcı insanlara tutub poetik yaradıcılığım haqqında olduqca yüksək, ancaq səmimi ifadələr işlətdi və əlavə etdi ki, dediklərimi bir neçə il öncə çap olunan kitabımda yazmışam. Ancaq yazdıqlarımdan Nizaminin xəbəri yoxdur. German biləndə ki, 2015-ci ildə “Yəhudilər” əsərim çıxıb, çox təəccübləndi. Son 8 il ərzində yəhudilərdən bir manat da olsun maliyyə dəstəyi almadığıma isə heyrətləndi. Səmimi söhbətləşdik. Sözügedən əsərimi yəhudi (ivrit) dilinə çevrilməsinin vacibliyindən söz saldı və sairələr.
Ona yeni genişləndirilmiş nəşrin məsləhətçisi olmasını təklif etdim. Məmnunluqla telefon nömrəsini verib əlaqənin vacibliyi ilə bildirdi ki, qələminə bələdəm, İsrail səni tanıyacaq.
Bəli, təsadüfi heç nə olmur. Yəhudulikdən Germana elə mətləblər anlatdım ki, heç gözləmirdi. Bu yazıda toxunmuram.
SƏBR GÖZLƏMƏ
GÜCÜNÜN ENERJİSİDİR
...Kiminsə gizli eybini vasitəyə çevirib şantaj etmək durumu yaratmaq böyük düşüncəyə ziddir. Zülmü zülümlə qarşılamaq da bir zülümdür. İdeolojini anlayıram, xoşlamıram, fikir yaradıcısıyam. Düşüncə standartlarının, qəliblərinin xaricinə çıxmağa meylliyəm, məqamında tərs psixolojini də sevirəm.
BİR YANDA SƏRMAYƏ XANƏDANLIĞI,
BİR YANDA DÜNYANIN ZIR NADANLIĞI.
2015-ci ildə “Uzaqları yaxından görənlər” (Yəhudilər) kitabının çapından sonra çox həqarətlərə məruz qaldım. Hətta Sion imzasına görə iki otaqlıq ata mənzilimdən şər-şantajla heç bir məhkəmə qərarı olmadan məhrum edildim. Poetik desəm:
Mənə tanıtmaq üçün mərdi, namərdi,
Üstümə töküldü ömrümün dərdi.
Nə isə... Sevgili dediyin səni özünə aşiq edə bilən deyil, sənə özün olma imkanı tanıyandır. Həyatın qara günləri qara saçlarımda ağardı. Həyat məni elə sıxdı ki, suyu gözlərimdən, tüstüsü başından çıxdi. Biri var anın, qısa bir zaman kəsiyinin qəhrəmanı olasan, biri də var həyatını qəhrəmanlıq tərzində yaşayasan, Fred Asiflər kimi.
XOŞ BAXARSAN, XOŞA GƏLƏR,
BAXIŞLARIN BAŞA GƏLƏR.
Assosiasiya prinsipinə görə, insan özünü uğur haləsi ilə əhatə etməlidir. Necə pis xəbərin, münasibətin xüsusiyyəti onu gətirənə, yaradana yoluxursa, yaxşı xəbərin (münasibətin) xüsusiyyəti də onu deyənə, Yaradana yoluxur. Buna görə də insan özünü xoş xəbərlərlə əlaqələndirməlidir.
“Sözü götürəcək sahiblərinə...”
Bu kitabın yazı və çap prosesində bir sıra anti-yəhudilər məni açıq və gizli, amma olduqca şiddətli maddi, mənəvi, fiziki və s. sıxıntılara məruz qoydu. Onlar anlamadı ki, bu əsər həm də bir vibrasiya yaratmaq üçün yazılıb. Yəni, çoxşaxəli məqsədlərdən biri də yəhudi əleyhdarlarına uyğun xatırlatmalardır. Müəlliflə razılaşmayanlar dünya gerçəkləri ilə razılaşmağa məhkum olacaq.
***
Sizə zülmün cəzasın zamanla Allah verəcək,
Peşkalar, matdı oyun, yəhudilər şah verəcək!
(“Uzaqları yaxından görənlər” 2015. səh.178).
Qloballaşma prosesi bütün təzahürləri də göstərib və göstərəcək ki, kitabın adı da, özü də içindəki fikirləri doğruldur və doğrultmaqda davam edəcək. Həqiqətən hər şeyin öz zamanı, hər zamanın da öz hökmü olur.
ŞÜURA ÇIX, ŞÜURA,
NEYLƏ MƏNİ DUYURA...
***
YƏHUDİLİK ƏFSANƏ, NƏ DƏ MİFDİR, O GERÇƏK, SEVGİLƏR DƏ SEVİLİB, YENƏ DƏ SEVİLƏCƏK.