Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının sədri Şarl Mişellə görüşünün uğursuz olduğunu bildirib.
News.ru-nun yazdığına görə, o, vurğulayıb ki, tərəflər Laçın dəhlizinin açılması, eləcə də Qarabağ böhranının aradan qaldırılması ilə bağlı heç bir razılıq əldə etməyiblər.
“İyulun 15-də Brüsseldə Azərbaycan prezidenti və Avropa Şurasının rəhbəri ilə üçtərəfli görüş keçirdim, təəssüf ki, Laçın dəhlizinin açılması və Dağlıq Qarabağda humanitar böhranın aradan qaldırılması məsələsi ilə bağlı heç bir konkret nəticə vermədi”, - Paşinyan bildirib.
Onun fikrincə, beynəlxalq ictimaiyyətin iştirakı olmadan Bakı ilə İrəvan arasında dialoq səmərəsizdir. Eyni zamanda, Ermənistanın baş naziri hesab edir ki, danışıqlar davam etdirilməlidir. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sərhəd 1991-ci il Alma-Ata bəyannaməsi əsasında çəkilməli və gələcəkdə bu işlərin kartoqrafik əsasları dəqiqləşdirilməlidir.
Xatırladaq ki, iyulun 15-də Əliyev və Paşinyan Brüsseldə Mişellə üçtərəfli görüş keçirib. Tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər. Danışıqlar üç saata yaxın davam edib. Mişelin sözlərinə görə, görüş səmərəli olub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə razılaşmaların müzakirəsi və ardınca sülh müqaviləsinin imzalanması üçün Moskvada görüş keçirməyi təklif etmişdi. İdarənin bəyanatında deyilir ki, Rusiya iki dövləti barışdırmaq və Qarabağda həyatın normallaşmasına töhfə vermək əzmindədir.
E.ŞİRİNOV