İsrail ordusu şənbə günü səhər tezdən Qəzza zolağından kütləvi raket zərbəsi endirdikdən sonra "müharibə hazırlığı vəziyyəti" elan edib. Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
"İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir", - bəyanatda deyilir.
"Cənub və mərkəzi bölgələrdə İsrail vətəndaşlarından sığınacaqların yaxınlığında, Qəzza zolağının yaxınlığında isə sığınacaqların daxilində qalmaları tələb olunur. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir", -deyilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə raketlərin atıldığını təsdiqləyib.
TEZADLAR.AZ xəbər verir ki, “Həmas”ın silahlı qanadı “İzzəddin əl-Kassam” briqadasının komandanı Məhəmməd əd-Dayf da İsrailə qarşı “Aksa tufanı” əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib.
Məhəmməd əd-Dayf Fələstin xalqının dövlət qurmaq layihəsinə başladığını deyib. Onun sözlərinə görə, İsrailin hərbi obyektlərinə və hava limanlarına raket zərbələri endirilib.
Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Tel-Əviv ərazisi və ətrafı da daxil olmaqla ölkənin bir çox yerində həyəcan siqnalları davamlı olaraq səslənir.
Baş verənlər fonunda ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya cəlb olunmasını təsdiqləyib.
JASMİN