HƏMAS yaraqlılarının İsrail ərazisindən Qəzza zolağına apardığı girovlar arasında Rusiya və Çin vətəndaşları da var.
Bu barədə qruplaşmanın sözçüsü bildirib.
Rusiya KİV-nin məlumatına görə, Rusiya səfirliyi dörd rusiyalının itkin düşdüyünü bildirib.
Qruplaşmanın sözçüsü Musa Əbu Mərzuk bildirib ki, HƏMAS məhbuslarla bağlı Rusiya ilə əlaqə saxlayır.
Diqqətininzə çatdıraq ki, HƏMAS-ın girovları arasında Meksika vətəndaşlarının olması barədə də məlumat var. Lakin dəqiq olaraq neçə ölkənin vətəndaşları girov götürülüb, hələ ki, məlum deyil. Məlum olan odur ki, HƏMAS yüzlərlə insanı girov kimi Qəzzaya aparıb...
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Yüzlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da baş verənlərdən narahatlığını ifadə edib. O, bu barədə "X"da paylaşım edib.
"Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd edib.
İsrailin “Aviv” telekanalının direktoru, İsraildə dərc edilən “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin TEZADLAR.AZ-a bildirib ki, indiyədək İsrail ordusu Qəzza zolağında “HƏMAS” silahlılarına aid olan 1 707 hədəfi vurub və bu qruplaşmanın təslim olmaqdan başqa çıxış yolu yoxdur.
Qeyd edək ki, oktyabrın 9-da “Həmas” İsrailin Qəzzanı bombalamasına cavab olaraq girovları edam etməklə hədələyib. Bldiriblər ki, mülki evlərin əvvəlcədən xəbərdarlıq edilmədən məqsədyönlü şəkildə vurulması, əsir götürülən mülki İsrail vətəndaşlarının edam edilməsi ilə nəticələnəcək və bu canlı olaraq yayımlanacaq...
Y.MƏMMƏDLİ