ABŞ-da respublikaçı senator Coş Hauli (Missuridən) Ukraynaya ayrılan pulların İsrailə yönləndirilməsinin zəruriliyini bəyan edib.
O, müvafiq təklifi X şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində səsləndirib.
"İsrail ekzistensial təhlükə ilə üz-üzədir. Ukrayna üçün istənilən maliyyə dərhal İsrailə yönəldilməlidir", - o, qeyd edib.
Qeyd edək ki, bundan öncə NBC telekanalı məlumat vermişdi ki, Amerika administrasiyası Ukraynaya əlavə maliyyə xahişi ilə İsrailə yardım müraciətini birləşdirmək imkanını nəzərdən keçirir.
KİV-in məlumatına görə, Kiyevə əlavə yardımın tərəfdarı olan qanunvericilər hesab edirlər ki, bu yanaşma Nümayəndələr Palatasında və Amerika qanunverici orqanının Senatında respublikaçılar arasında Kiyevə dəstək vermək əleyhdarlarının müqavimətini dəf edəcək.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin yeni gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb.
Son rəsmi məlumatlara görə, fələstinlilər arasında toqquşmalar və top atəşləri nəticəsində 800-ə yaxın insan həlak olub, 4 mindən çox insan yaralanıb, həmçinin 900-dən çox israilli həlak olub, 2,6 minə yaxın insan yaralanıb.
Y.MƏMMƏDLİ