Bu gün daha 25 ailə 30 ildən sonra doğma yurda qayıtdı...
Füzuli sakini Nazim Niriyev "Təzadlar"a bildirib ki, onun sevinci yerə- göyə sığmır : "Füzulidən çıxanda mənim 10 yaşım var idi, indi 12 yaşlı uşaqlarımla ora qayıdıram... Hər gün evimizi yuxumda görürdüm... İndi həmin yuxularıma son qoyulan gündür...".
Dövlət Qaçqınkom-dan "Təzadlar"a verilən məlumatda isə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülüb. "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan füzulililər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçmiş şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər".
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.
Yurda qayıdışımız mübarək!
JASMİN