Bu gün bir qrup xanıma Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sertifikatı təqdim edilib.
Bu barədə Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev məlumat verib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İkinci beynəlxalq seminarı işinə başlayıb və dünyada mina ilə məşğul olan təşkilat və ekspertlər də dəvət olunub.
“Bu cür tədbirlər inovasiyalar və beynəlxalq təcrübəni öyrənmək baxımından vacibdir, həm də Ermənistanın Azərbaycana qarşı mina terrorunu əyani olaraq dünyanın nəzərinə çatdırır. Minatəmizləmə Agentliyinin əməkdaşları çox çətin və şərəfli işlə məşğul olur və doğurdan da qəhrəmandırlar. Onların içərisində qadınlar da var və bu tədbirdə onlar sertifikat ilə təltif olundular.
ANAMA-ya gördükləri vacib işlərə görə təşəkkürümü bildirirəm”, - deyə bildirib.
Razi Nurullayev, həmçinin sosial şəbəkə hesabında foto paylaşaraq bu sözləri yazıb:
“Minatəmizləyən Azərbaycan qızları. Eşq olsun sizə, alqış deyin onlara”, - deyə Razi Nurullayev onlara minnətdarlıq edib.
Bu yerdə deyiblər: “Aslanın erkəyi, dişisi olmaz”. Bəli, bu comərd xanımlarla hamı qürür duymalıdır.
Xatırladaq ki, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bir neçə ay öncə jurnalistlərə verdiyi açıqlamasında bildirmişdi ki, hazırda qadınların bu işə cəlb olunması ilə bağlı seçim aparılır.
"Qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması üçün müəyyən müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar", - o, diqqətə çatdırmışdı.
Y.MƏMMƏDLİ